Ceyhun Məmmədov: “Ermənistanla sərhəddə sərhəd-buraxılış məntəqəsinin qurulmasına ehtiyac var idi” 

 24-04-2023

“Ermənistanla sərhəddə sərhəd-buraxılış məntəqəsinin qurulmasına ehtiyac var idi, bu, vacib idi”.

Bunu “Report”a açıqlamasında Millət Məclisin deputatı Ceyhun Məmmədov deyib.

“Vətən müharibəsinin üzərindən xeyli vaxt keçməsinə baxmayaraq, hələ də ermənilərin davamlı təxribatlarının şahidi oluruq. Davamlı olaraq minaların basdırılması buna misaldır”, - deputat vurğulayıb.

O bildirib ki, 2020-ci ildən bəri Qarabağda müntəzəm olaraq minaların basdırılmasının şahidi oluruq:

“Vətən müharibəsi bitəndən indiyədək 300-ə yaxın Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olub. Eyni zamanda biz davamlı olaraq Ermənistanın bölgəyə silah daşımasını müşahidə edirik. Ermənistan indiyədək Qarabağda 10 min nəfərlik “ordu” yaradıb. Həmçinin həmin silahlı dəstənin güclənməsi üçün davamlı olaraq addımlar atılır. Biz bunu mütəmadi müşahidə edirik”.

Deputat xatırladıb ki, bir müddətdən sonra vətəndaşlarımızın Qarabağa köçü başlayacaq:

“Biz əlbəttə, vətəndaşlarımızın təhlükəsizliyini təmin etməliyik. Bu mənada sərhəd-buraxılış məntəqəsinin qurulmasına ehtiyac var idi. Laçın-Xankəndi yolu üzərində sərhəd-buraxılış məntəqəsinin qurulması doğru addım idi. Biz beləliklə, təbii sərvətlərimizin talanmasının, mina basdırılmasının, erməni silahlı dəstələrinin gücləndirilməsinin qarşısını ala biləcəyik. Amma sərhəd-buraxılış məntəqəsi mülki ermənilərin gediş-gəlişinə mane olmayacaq”.

Parlamentari onu da xatırladıb ki, rəsmi Bakı Qarabağdakı ermənilərə inteqrasiya təklif edib:

“Bu prosesin mümkün qədər tez başlanması ermənilərin həyat şəraitinin yaxşılaşmasına təsir edəcək. Əlbəttə, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması da çox mühüm məsələdir. Ermənistanın havadarları da bu məsələdə diqqətli olmalıdır”.

Bənzər yazılar

0.44068503379822