Pensiyaçıların sayı ötən 5 ildə 200 min nəfərdən ÇOX AZALIB

 22-05-2022

İqtisadçı: “Qiymətlərin od tutub yandığı dövrdə pensiyaların kəsilməsi insan taleyi ilə oynamaqdır“

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiyaçıların böyük bir siyahısını doğrayıb. Bu il yanvarın əvvəlinədək 1 milyon 200 min nəfərə düşən pensiyaçıların sayı aprelin əvvəlinədək 1 milyon 177 min nəfərə edib. Yəni 23 min nəfər azalıb”.

İqtisadçı Nemət Əliyev belə deyir. Bildirir ki, 3 aya 23 min nəfər pensiyaçının çıxdaş edilməsi Azərbaycan kimi ölkə üçün sosial fəlakət sayılmalıdır.

2021-ci ildə əhaliyə ödənişlərin maliyyələşdirilməsi üçün DSMF tərəfindən 4718 milyon manat vəsait xərclənib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021-ci il üzrə hesabatında əksini tapıb.

Həmin hesabatda bildirilir ki, əhaliyə ödənişlərin tərkibində pensiya xərcləri 4592 milyon manat təşkil edib. 2021-ci il pensiyaçıların həm maddi rifahının yaxşılaşdırılması, həm də onlara rahat, əlçatan və şəffaf şəkildə pensiyaların təyinatı istiqamətində islahatların həyata keçirilməsi ilə əlamətdar olub.

Hesabat ilində ölkə üzrə əmək pensiyaçılarının 707,2 min nəfəri və ya 59,1 faizi yaşa görə, 345,6 min nəfəri və ya 28,9 faizi əlilliyə görə, 144,2 min nəfəri və ya 12 faizi ailə başçısını itirməyə görə pensiya alıb.

Əmək pensiyalarının orta aylıq məbləği 2021-ci ilin 1 yanvar tarixində 302,24 manatdan 2022-ci ilin 1 yanvar tarixinə 331 manata, o cümlədən müvafiq olaraq həmin tarixə yaşa görə əmək pensiyasının orta aylıq məbləği 331,4 manatdan 358 manata qalxıb. Yaşa görə pensiyanın orta aylıq məbləğinin 8 faiz artdığı bildirilir.

Yeni təyin olunan pensiyaçıların sayına gəlincə, nazirlik bildirir ki, 2021-ci il ərzində 21 min nəfərə yaşa görə, 1,2 min nəfərə əlilliyə görə, 436 nəfərə isə ailə başçısını itirməyə görə elektron qaydada əmək pensiyası təyin edilib.

İqtisadçı Nemət Əliyev isə deyir ki, qiymətlərin od tutub yandığı hazırkı dövrdə pensiyaların kəsilməsi, pensiyaçıların sayının azalması insan taleyi ilə oynamaq kimi bir şeydir:

“Əgər dövlət başçısı İlham Əliyev pensiya yaş həddinin artırılmasına dair ölkəni geriyə atan qərarı imzalamasaydı və bu yolla 2017-ci ilin ortalarındakı artım tempinə müdaxilə etməsəydi, bu gün pensiyaçıların sayı 1380 min nəfərə qədər artacaqdı”.

İqtisadçı bildirir ki, pensiyaçıların sayı ötən 5 ildə 200 min nəfərdən çox azalıb. Deməli, ötən müddətdə 200 min nəfərdən artıq insan pensiya təminat sistemindən uzaqlaşdırılıb:

“Belə görünür ki, o insanlar Allahın ümidinə buraxılıb. Çünki onların iş yerləri, yaxud da hər hansı alternativ gəlir mənbələri ilə təmin edilməsinə ümid çox azdır. Hazırda ölkəmizdə pensiyaçıların əhali sayındakı payı 11,7 faizə qədər geriləyib”.

Nemət Əliyev qonşu ölkələrlə müqayisə aparb. Deyir, Rusiya hökuməti əhalinin 31 faizinə, Belarus 28 faizinə, Gürcüstan 26 faizinə, Türkiyə 17 faizinə, Ermənistan 16 faizinə pensiya verir. Azərbaycanda bu göstərici ən aşağı səviyyədədir:

“Heç 12 faizə çatmır. Deməli, hökumətin pensiya siyasəti ölkəmizi regionun ən bərbad ölkəsinə çevirib”.
2017-ci il iyulun əvvəlində Azərbaycanda pensiyaçıların sayı 1 milyon 328,4 min nəfər, 2019-cu ildə isə 1299,5 min nəfər olmaqla ölkə əhalisinin 13,2 faizini təşkil edib.

2020-ci ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1277,8 min nəfər olmaqla ölkə əhalisinin 12,8 faizini əhatələyib. 2021-ci ilin əvvəlində isə 1 milyon 232,2 min nəfərə edib.

MDB Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda hər 1000 nəfərə 126, Ermənistanda 154, Qazaxıstanda 157, Moldovada 200, Ukraynada 264, Belarusda 273, Rusiyada 296 pensiyaçı düşür.

2017-ci ildə Azərbaycan qanunvericiliyinə edilən dəyişikliklə pensiyaya çıxmaq həddi 65 yaş müəyyən edildi.

Bu yaş həddi əvvəllər qadınlarda 60, kişilərdə isə 63 idi. Lakin bu müddət mərhələli şəkildə uzadılır.

Pensiyaya çıxmaq yaşı kişilərdə 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınlarda isə 2017-ci il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılır.

Bənzər yazılar

0.21965599060059