Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının keçmiş sədri Nadir Əliyevin məhkəmə prosesi keçiriləcək.
Bu gün saat 14.30-da hakim Fərid Namazovun sədrliyi ilə baş tutacaq prosesdə zərərçəkən tərəf Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, deputat Səttar Möhbalıyev barəsində vəsatət qaldıracaq.
Bu barədə “Qaynarinfo.az”ya iş üzrə zərərçəkən şəxsin nümayəndəsi Aslan İsmayılov bildirib.
Onun sözlərinə görə, istintaq zamanı Nadir Əliyev aldığı pulları Səttar Möhbalıyevə verdiyini deyib.
“Mənim iştirakımla müdafiə etdiyim şəxslə Nadir Əliyevin üzləşmə prosesi olub. Həmin vaxt Nadir Əliyev açıq şəkildə bildirib ki, müdafiə etdiyim şəxsdən aldığı pulları Səttar Möhbalıyevə verib. Bu halda Səttar Möhbalıyev də istintaq cəlb olunmalı idi. Amma bu baş verməyib. Ona görə də mən vəsatət qaldıraraq onun məhkəmə istintaqına cəlb olunmasını tələb edəcəyəm”, - deyə Aslan İsmayılov bildirib.
Hüquqşünas əlavə edib ki, dəymiş zərər 800 min dollardır: “Müdafiə etdiyim şəxsə Gəncə və Göygöldə stadion satıblar. Amma sonradan stadion müdafiə etdiyim şəxsin əlindən alınıb. Onun pulunu isə hələ qaytarmayıblar”.