Azərbaycanın aparıcı banklarından biri olan “Paşa Bank” ASC və Azərbaycan Gənclər Fondu tərəfindən ictimai fəal Fərzəliyev Cəbrayıl Furqan oğluna qarşı qaldırılan məhkəmə iddiasına aprel ayının 19-da baxılacaq.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iclasının Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyilə keçirilməsi nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, barəsində iddia qaldırılan Cəbrayıl Fərzəliyevin bu ilin yanvar ayında külli miqdarda mənimsəməyə görə həbs olunduğu bildirilir. Son 2 ayda Bakı Ağır Cinayətlər Məhkəməsində dəfələrə iclas təyin olunsa da, baş tutmayıb. Sonuncu məhkəmə iclası aprel ayının 11-də keçirilməli olsa da, Cəbrayıl Fərzəliyevin məhkəməyə gəlməməsi səbəbindən baş tutmayıb.
Yayılan məlumatlarda qeyd olunur ki, Cəbrayıl Fərzəliyev "Paşa Bank" və Gənclər Fondundan müxtəlif işlər görmək adı ilə ümumilikdə 527 min manat vəsait götürüb və mənimsəyib.
Xatırladaq ki, Cəbrayıl Fərzəliyev müxtəlif vaxtlarda mətbuata politoloq kimi açılqmalar verib. Eyni zamanda “Sabaha Doğru” Gənclər ictimai birliyinin rəhbəri olub. Cəbrayıl Fərzəliyev 2016 və 2017-ci illərdə Gənclər Fondunun keçirdiyi qrant müsabiqələrində də qalib olub.
Onu da qeyd edək ki, 2016-cı ilin yanvar-fevral aylarında Cəbrayıl Fərzəliyev Yeni Azərbaycan Partiyasının rəsmi saytına – yap.org.az-a 5 dəfə açıqlama verib. Bu açıqlmaların 1-də Cəbrayıl Fərzəliyev Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri, 4-də isə YAP-ın gənc fəal üzvü kimi təqdim olunur.
Lakin, Cəbrayıl Fərzəliyevin həbs olunması ilə bağlı xəbər yayıldıqdan sonra – mart ayının 3-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyi məlumat yayaraq bildirib ki, YAP Gənclər Birliyinin 30 nəfərdən ibarət üzvləri sırasında Cəbrayıl Fərzəliyev adlı şəxs yoxdur.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri isə Rufiz Qonaqovdur. Rufiz Qonaqovun YAP Mərkəzi Aparatının siyasi təhlil, maarifləndirmə və seçkilər üzrə şöbəsinin müdiri olduğu bildirilir.
Elnur Əli