Milli Məclisin deputatı, sabiq spiker Oqtay Əsədovun parlamentin ötən gün keçirilən iclasında görünməsi birmənalı qarşılanmayıb.
2020-ci ildə keçirilən növbədənkənar seçkilərdən sonra sədr postu ilə vidalaşmaq məcburiyyətində qalan keçmiş spikerin o vaxtdan bəri “kölgəyə” çəkilərək, ictimai-siyasi proseslərdən tamamilə təcrid olunduğu məlum idi. Siyasi çevrələrdə Əsədovun bu “küskünlüyü” ona ikinci dəfə etimad göstərilməməsi ilə əlaqələndirilirdi. Müşahidəçilər hesab edirdilər ki, O. Əsədov növbəti dəfə Milli Məclisin sədri seçilmədiyi üçün siyasi hakimiyyətdən üz döndərib.
Yenisabah.az bildirir ki, qocaman deputatın “küskünlüyü” təxminən 3 il çəkdi. O. Əsədov 2020-ci ilin qışında keçirilən növbədənkənar parlament seçkilərində Milli Məclisə üzv seçilsə də, o vaxtdan indiyə kimi bir dəfə də olsun qanunverici orqanın iclaslarında iştirak etməyib. Bu məsələ dəfələrlə mətbuatda müzakirə olunsa da, Milli Məclis rəhbərliyi, xüsusilə də İntizam komitəsinin üzvləri hər vəchlə hadisəyə münasibət bildirməkdən yayınıblar. Oqtay Əsədovun qanunverici orqanın nizamnaməsinə zidd olaraq iclaslara qatılmaması onunla bağlı hər hansı qərarın qəbul edilməsinə səbəb olmamışdı.
Xatırladaq ki, “Yeni Sabah” bir neçə gün əvvəl məsələyə təkrar qayıdaraq O. Əsədovla bağlı narazılığın artdığını, siyasi hakimiyyətin parlamentarinin bu davranışından ciddi şəkildə narazı qaldığını yazmışdı. Həmin xəbərdə keçmiş spikerə sonuncu dəfə xəbərdarlıq edildiyi və növbəti parlament seçkilərində ona bir daha etimad göstərilməyəcəyi vurğulanmışdı.
Aldığımız məlumata görə, O. Əsədov vəziyyətin sürətlə onun əleyhinə dəyişdiyini, inadından dönməyəcəyi təqdirdə ciddi problemlə üzləşəcəyini anlaya bilib. Yaxınlarından biri saytımıza deyib ki, spiker hakimiyyətin “qara siyahı”sından çıxmaq üçün inadından əl çəkərək parlamentin iclaslarına qatılmağa qərar verib. Mənbənin dediyinə görə, Əsədov heç bir hadisəyə münasibət bildirməsə də, bundan sonra mütəmadi qaydada Milli Məclisin iclaslarında iştirak edəcək.