Sabiq deputatla vətəndaş arasında torpaq davası

 13-04-2023

Keçmiş deputat Qalib Salahzadənin ona məxsus torpağı zəbt etdiyini iddia edən Seymur Quliyev apelyasiya şikayəti verib.

O, şikayətində Qalib Salahzadə ilə yanaşı onun gəlini Salahzadə Xatirə Allahşükür qızını da cavadeh kimi təqdim edib.

Xatirə Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri, Şeyxülislam Allahşükür Paşazadənin qızıdır.

Onun həyat yoldaşı Əliabbas Salahzadə Milli Məclisin deputatıdır.

Seymur Quliyevin şikayəti artıq icraata götürülüb. Şikayətə Bakı Apelyasiya Məhkəməsində Cəmilə Musayevanın sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq.

Qalib Salahzadə ilə Seymur Quliyev arasında torpaq qalmaqal uzun müddətdir ki, davam edir. Seymur Quliyev bundan əvvəl Sabunçu Rayon Məhkəməsində iddia qaldırıb. Lakin iddiası təmin edilməyib.

Bundan başqa, mediada gedən məlumatlara görə, Seymur Quliyevin şikayəti əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsində CM-in 186 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 188 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 320 (rəsmi sənədləri saxtalaşdırma və ya saxta sənədlərdən istifadə etmə) və 322-ci (özbaşınalıq) maddələrilə cinayət işi başlanıb, Qalib Salahzadə dindirilib.

İstintaq belə nəticəyə gəlib ki, Salahzadənin əməlində CM-in 186 və 188-ci maddələrindən başqa, 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), (vəzifə səlahiyyətlərini aşma) və 222-2 (müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma) maddələrinin də tərkibi var. Çünki hadisələr baş verəndə Qalib Salahzadə deputat idi.

Bu maddələrlə istintaq aparmaq isə prokurorluğun səlahiyyətindədir. Yaxud da prokurorluq ayrıca razılıq verməlidir ki, daxili işlər orqanlarında istintaq davam etdirilsin.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi həmin maddələrlə istintaqın davam etdirilməsinə razılıq almaq üçün prokurorluq qarşısında vəsatət qaldırıb, 14 may 2020-ci ildə cinayət işinin materialları Baş Prokurorluğa göndərilib.

O vaxtdan da cinayət işinin icraatı dayandırılıb.

Bənzər yazılar

0.22206115722656