Anar Bağırov: “Azərbaycanda qadın vəkillərin sayı artıb”

 11-04-2023

“Azərbaycanda qadın vəkillərin sayı artmaqda davam edir və hazırda vəkillik fəaliyyəti ilə məşğul olan şəxslərin 20 faizini xanımlar təşkil edir”.

“Report” xəbər verir ki, bunu Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov jurnalistlərə açıqlaması zamanı deyib.

Onun sözlərinə görə, bu gün and içən yeni vəkillərin 26 faizi qadınlardır. Sədr aparılan islahatlar nəticəsində vəkillik institutunun təkmilləşdiyini və inkişaf etdiyini bildirib.

A.Bağırov gələcəkdə də qadın vəkillərin sayının artacağına ümid etdiyini söyləyib: “Bir vəkilin digər bir həmkarını ictimai müzakirəyə çıxarması yaxşı hal deyil”.

Onun sözlərinə görə, hansısa məsələni, yaxud problemi müzakirəyə çıxaranda etik kodeksi gözləmək lazımdır: “Hesab edirəm ki, əgər problem varsa, biz bunu kollegiya daxilində və öz iclaslarımızda müzakirə edərək yoluna qoya bilərik”.

A.Bağırov vurğulayıb ki, vəkilin peşə nüfuzunu qazanması çox çətin məsələdir: “Bu baxımdan vəkilliyin gələcək reputasiyası hər birimizdən asılıdır. İnam Kərimovun Ali Məhkəməyə sədr təyin olunması Azərbaycanda məhkəmə sisteminin inkişafına yeni töhfələr verəcək.

İnam Kərimov xaricdə təhsil almış və uzun illər hüquq sahəsində təcrübəsi olmuş şəxsdir. O, həmçinin qətiyyətlidir və hüquq sahəsini mükəmməl bilir. Uzun illər müxtəlif sahələrdə çalışarkən də işinə peşəkar yanaşıb”, - deyə sədr bildirib.

A.Bağırov qeyd edib ki, bu təyinatdan sonra Azərbaycanın məhkəmə sistemi daha da təkmilləşəcək və bu sahədə islahatlar daha da davamlı inkişaf edəcək.

Bənzər yazılar

0.54079008102417