Vasif Talıbovun “qara kassası” yola salınır - Naxçıvan Ali Məclisinin yeni rəhbəri kim olacaq?

 10-04-2023

Yaxın günlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının keçiriləcəyi gözlənilir.

TNS.az-ə özəl mənbələrdən daxil olan məlumata görə, həmin sessiyada Ali Məclis sədrinin birinci müavini, hazırda Ali Məclis sədrinin səlahiyyətlərini icra edən Azər Zeynalov istefa verəcək.

Ali Məclisin yeni rəhbərliyinin kim olacağı ilə bağlı dəqiq məlumat yoxdur. Ali Məclisin sədri, yaxud birinci müavin Ali Məclisin 43 deputatı arasından seçiləcək.

Qeyd edək ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə 45 deputat seçilib. Ötən dövr ərzində deputatlardan Hüseyn Həşimli və Nazim Bababəyli dünyasını dəyişib. Ona görə də hazırda Ali Məclisin 43 deputatı var.

Mənbəmiz deputatlardan Anar İbrahimovun, İsmayıl Qəriblinin, Nazim Məmmədovun və Elman Cəfərlinin daha şanslı namizəd olduqlarını bildirib.

Xatırladaq ki, Azər Zeynalov 2005-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin birinci müavinidir. O, Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovun ən etibarlı və vazkeçilməz kadrlarından biridir. Muxtar respublikada korrupsiyanın, dövlət vəsaitinin mənimsənilməsi üçün qurulun sistemin başında duran məmurlardan biri də məhz Azər Zeynalov olub. Gənc yaşlarından Vasif Talıbovun yanında çalışan Azər Zeynalov Talıbovların bütün qeyri-qanuni göstərişərini icra edib.

Azər Zeynalov Naxçıvanda Vasif Talıbovun “qara kassası” kimi ad çıxarıb. Vasif Talıbovun dövründə muxtar respublikadakı əksər məmurlar hər ayın sonunda Azər Zeynalovun kabinetində “hesabat” veriblər. Naxçıvanın nazirlərindən tutmuş xəstəxana baş həkimlərinə qədər hər kəs büdcədən oğurladıqları, rüşvət kimi aldıqları vəsaiti Azər Zeynalova çatdırıblar.

Vasif Talıbovun tam etibarını qazandığından Azər Zeynalova muxtar respublikada “gözün üstə qaşın var” deyən olmayıb. O da bu etibardan istifadə edərək fantastik sərvətə sahib olub. İndi Azər Zeynalovun mülklərinin, obyektlərinin sayı hesabı yoxdur.

Fuad Nəcəflinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli namayəndəsi təyin olunmasından sonra yerli mediada Azər Zeynalovun Naxçıvanda aparılacaq islahatları sabotaj edəcəyi ilə bağlı materiallar dərc olunub, televiziyalarda bu barədə proqramlar yayımlanıb.

Mənbəmiz deyir ki, Azər Zeynalovun istefaya məcbur edilməsi doğru qərardır. Bu prosesdən sonra Naxçıvanda islahatların daha sürətlə aparılacağı gözlənilir.

Bənzər yazılar

0.33069396018982