Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi olan “Dörd Bucaq” MMC (VÖEN – 1006513211) Bioloji Müxtəlifliyin Qorunması Xidmətinə balıq yemi satcaq.
Bioloji Müxtəlifliyin Qorunması Xidməti 35 ton balıq yemi üçün “Dörd Bucaq” MMC-yə 21 min 350 manat ödəyəcək.
Tender müsabiqəsiylə bağlı diqqət çəkən məqam odur ki, Dövlət Xidmətinə balıq yemi satan şirkət tikinti şirkətidir. “Dörd Bucaq” MMC-yə məxsus olan “4bucaq.az” saytının hazırda “təmirdə” olduğu bildirilir. Lakin, MMC-nin sosial şəbəkə hesabında şirkətin təmir-tikinti işləri ilə məşğul olduğu qeyd olunur.
Onu da qeyd edək ki, “Dörd Bucaq” MMC 16.06.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, Cavad xan, ev 4, m. 16-da yerləşir. Şirkətin qanuni təmsilçisi İsrafil Mirzai Cəbrayıl oğludur.
Məlumat üçün bildirək ki, İsrafil Mirzai məşhur kimiyaçı, professor Cəbrayıl Mirzainin oğludur. Cəbrayıl Mirzai hazırda Bakı Dövlət Universiteti EH-nin səmərələşdirmə və patent-lisenziya işləri üzrə idarə aparatının rəhbəri vəzifəsində işləyir.