Baş nazirin müşaviri, Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun Londonda yaşayan qızı Günel Rüstəmovanın direktoru olduğu “Gyunel Limited” şirkəti ötən il üçün maliyyə hesabatını açıqlayıb.

Yeniavaz.com Böyük Britaniyanın müvafiq qurumlarına istinadən xəbər verir ki, Mərkəzi Bankın sabiq sədrinin qızına məxsus olan “Gyunel Limited” şirkətinin borcu son bir ildə 537 min funt-sterlinq artaraq 6,84 milyon funt-sterlinqə (14,4 milyon manat) yüksəlib.

Qeyd edək ki, “Gyunel Limited” şirkəti 28 aprel 2005-ci ildə “Basement 32 Woodstock Grove, London, Uk W12 8LE” ünvanında qeydiyyatdan keçib.

2007-2021-ci illərdə bu şirkətin digər bir rəhbəri Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Əhməd Əhmədzadənin oğlu Cümə Əhmədzadə olub.

Onu da bildirək ki, Elman Rüstəmovun 1981-ci il təvəllüdlü qızı Günel Rüstəmova Əhməd Əhmədzadənin 1979-cu il təvəllüdlü oğlu Cümə Əhmədzadə ilə evlidilər.

Günel Rüstəmova orta təhsilini Bakıda, ali təhsilini isə Böyük Britaniyada alıb. O, London Kollecində modelyerlik üzrə təhsil alıb, daha sonra İngiltərədə nüfuzlu təhsil ocağı sayılan “Central Saint Martins”i incəsənət və moda sənayesi ixtisası üzrə bitirib. Günel Rüstəmova hazırda Londonda modelyer kimi fəaliyyət göstərir.

Mənbə Yeniavaz.com