Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin rəisi, general Vəzir Həsənov və bacanağı İnqilab Əliyevə qarşı dələduzluq edilib.
Lent.az xəbər verir ki, külli miqdar təşkil edən dələduzluğa görə Vladimir Müslümov ittiham olunur.
İttihama görə, Vladimir Müslümov özünü tikinti fəaliyyəti ilə məşğul olan iş adamı kimi təqdim edərək zərərçəkmiş şəxslərə ucuz qiymətə ev satacağını vəd edib. Razılaşmaya əsasən Vəzir Həsənov 4 otaqlı ev almaq üçün 391 min 754 manat verib. Vladimir Müslümov isə pulu aldıqdan sonra vədinə əməl etməyib.
General və bacanağının şikayəti əsasında Vladimir Müslümov həbs olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə araşdırılır.
Baxış iclasında zərərçəkmiş general Vəzir Həsənov ifadə verib.
General deyib ki, təqsirləndirilən şəxsi Şahin adlı tanışı vasitəsilə tanıyıb, əvvəllər ədavəti olmayıb: “Vladimirlə evimin həyətində görüşdüm. Dedi Səbail rayonunda bina tikir, sərfəli qiymətlə mənə mənzil sata bilər. 4 otaqlı ev almaq üçün 391 min 754 manat verdim. Pulu götürüb getdi, ancaq vədinə əməl etmədi”.
İttiham aktına görə, Vladimir Müslümov generalın bacanağı İnqilab Əliyevə qarşı da dələduzluq edib.
Zərərçəkmiş şəxslər onlara dəymiş ziyanın ödənilməsini tələb edirlər.
Qeyd edək ki, Vəzir Həsənov 2022-ci ildən Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin rəisidir.
O, əvvəllər Tovuz Gömrük İdarəsinin və Sumqayıt Gömrük İdarəsinin rəisi olub.