İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycanda şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyulmasını istəyir. Bu, “Eco Control Systems” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəridir.
Banker.az xəbər verir ki, DVX-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi bununla bağlı 3 aprel 2023-cü il tarixinə Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Müraciətə əsasən, vergi ödəyicisi olan “Eco Control Systems” MMC-nin direktorunun (icra orqanının rəhbərinin) İran İslam Respublikası vətəndaşı Asgharzadeh Faramarz-ın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatı ilə bağlı kommersiya məhkəməsinə müraciət edib. Kommersiya məhkəməsi məhkəməyə 12.04.2023-cü il tarixdə Ülkər Həsənovanın hakimliyi ilə baxış keçirəcək.
Onun ölkədən getməsinə məhdudiyyət qoyulub-qoyulmaması məsələsinə kommersiya məhkəməsi qərar verəcək.
2016-cı ildə təsis edilən “Eco Control Systems” MMC (VÖEN: 1304598831) Azərbaycanda “Lutron Electronics” distribyutoru və sistem inteqratorudur. Yaşayış və ticarət bazarları üçün işıqlandırma və temperatur nəzarət cihazları və kölgə sistemləri satır və quraşdırır.
“Eco Control Systems” MMC-nin 03.04.2023-ci il tarixinə dövlətə 3 530.68 manat vergi borcu olduğu göstərilir.