Vasif Talıbov parlamentdaxili məsuliyyətə cəlb olunacaq? - Keçmiş sədr iclaslara qatılmır

 30-03-2023
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbov parlamentdaxili məsuliyyətə cəlb oluna bilər. 
 
Qaynarinfo.az xəbər verir ki, keçmiş sədr Milli Məclisin deputatı olsa da, iclaslara qatılmır. Vasif Talıbov ötən ilin dekabrın 21-də Naxçıvan MR Ali Məclisinin sədri postundan istefa verib. İstefasından sonra Milli Məclisin payız sessiyasının dekbarın 23-də, 27-də və 30-da plenar iclasları keçirilib. Vasif Talıbov bu iclasların heç birinə qatılmayıb. Dekabrın 30-da payız sessiyası işini başa çatdırıb və deputatlar yanvarın 15-nə kimi tətilə yollanıblar. 
 
2023-cü il fevralın 1-də Milli Məclisin yaz sessiyası işinə başlayıb. İndiyə qədər yaz sessiyasının 5 iclası keçirilib. Vasif Talıbov bu iclasların heç birində görünməyib. 
 
Milli Məclisin daxili nizamnaməsinin 6-cı maddəsinə görə iclaslarda üzrlü səbəblərdən iştirak edə bilməyən deputatlar bu barədə əvvəlcədən Milli Məclisin Aparatına məlumat verməlidirlər. 
 
Həmin maddədə o da qeyd edilir ki, Milli Məclisin iclasında üzürsüz səbəbdən iclasda iştirak edə bilməyəcəksə, qabaqcadan Milli Məclisin sədrindən icazə almalıdır. İcazə alaraq Milli Məclisin iclasında iştirak etməmək üzürlü səbəb sayılır. 
 
Vasif Talıbovun eyni zamanda Milli Məclisin komitələrinin iclaslarına da qatılmadığı bildirilir.
 
Milli Məclisin daxili nizamnaməsinin 45-ci maddəsində bildirilir ki, parlamentin və komitələrin iclaslarına üzrsüz səbəbdən qatılmayan deputatlar parlamentdaxili məsuliyyəyətə cəlb olunur. 

Nizamnamənin 46-cı maddəsində parlamentdaxili məsuliyyətə cəlb olunan deputata tətbiq edilən intizam tədbirlərinin siyahısı verilib. Həmin siyahını təqdim edirik:
 
1) xəbərdarlıq;
2) söz kəsmə;
3) iclas salonundan çıxarma;
4) töhmət;
5) deputat səlahiyyətlərinin itirilməsi;
 
47-ci maddədən isə aydın olur ki, Milli Məclisin, onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən azı dalbadal 4 və ya bir ayda üst-üstə 6 iclasda iştirak etməyən deputat barəsində parlament sədri İntizam Komissiyasına təqdimatla müraciət edir. İntizam Komissiyası 1 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edir.
 
Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar növbəti iclasda elan edilir.
 
Məlumatla bağlı Milli Məclisdən mövqe öyrənmək mümkün olmayıb. 

Bənzər yazılar

0.34228491783142