“Azərbaycanla İsrail arasında diplomatik münasibətlər təxminən 31 ilə yaxındır ki, mövcuddur”.
APA-nın məlumatına görə, bunu Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov bildirib.
Onun sözlərinə görə, bu müddət ərzində İsraildə Azərbaycan Səfirliyi olmasa da, dövlətlər arasında çox yüksək münasibətlər olub, bir sıra sahələrdə əməkdaşlıqlar həyata keçirilib.
“Texnologiya, təhsil, kənd təsərrüfatı, müdafiə sahəsində əlaqələr olsa da, səfirliyin burada açılması əlaqələrin dərinləşməsinə, burada əməkdaşlıq üçün yeni tərəfdaşların tapılmasına şərait yaradacaq”, - deyə səfir bildirib.
Muxtar Məmmədovun sözlərinə görə, turizm sahəsində artım mövcuddur.
Hər iki istiqamətdə aviareyslərin artması gələcəkdə turist sayında artımın olmasına gətirib çıxaracaq. Diplomat qeyd edib ki, İsraildən Azərbaycana böyük bir turistik marağın olduğunu görünür.
“Eyni zamanda, təhsil sahəsində son zamanlar yaxşı əməkdaşlıqlar var. Mədəni sahədə əlaqələrin inkişafını təşviq etməliyik. İsraildə böyük Azərbaycan diasporu, Azərbaycanda isə yəhudi icması mövcuddur. Bu imkanlardan istifadə edərək mədəniyyətimizi, incəsənətimizi bir-birimizə yaxından təqdim etməliyik. Əminəm ki, səfirliyin burada olması yeni perspektivlərin açılmasına təkan verəcək”, - deyə Muxtar Məmmədov qeyd edib.
Səfir Azərbaycanla İsrail arasındakı münasibətlərin 3-cü ölkələrə qarşı yönəlməsi haqqında yayılan iddialara da münasibət bildirib:
“Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra üçüncü ölkələrin daxili işlərinə qarışmır. İsrail eyni yanaşmanı 3-cü ölkələrdən də gözləyir. Azərbayacan bu günə kimi bu yanaşmaya sadiq olub və bundan sonra da bu yanaşma sayəsində siyasətini həyata keçirəcək”.