Deputat Fazil Müstafa yaşadığı evin qarşısında güllələndi

 28-03-2023

Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib. 

Musavat.com xəbər verir ki, evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə bir neçə dəfə atəş açılıb.

O, iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə hazırda öz evində həkim müdaxiləsi edilir. Polis hadisə yerindədir.

Bundan başqa, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, deputat Fazil Mustafaya sui qəsd olunub.

Bildirilib ki, Sabunçu rayonunda yaşadığı evin qarşısında deputata atəş açılıb. Əraziyə istintaq qrupu göndərilib. Əlavə məlumat veriləcək.

TƏBİB evinin qarşısında güllələnən deputat Fazil Mustafanın səhhəti ilə bağlı məlumat yayıb.

TƏBİB-in yaydığı məlumatda qeyd olunub ki, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Milli Məclisin deputatı Fazil Mustafanın xəsarət alması barədə saat 21:55 radələrində çağırış daxil olub, dərhal həkim briqadası cəlb edilib.

Sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.

Milli Məclisin Deputatı Fazil Mustafanın paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı prokurorluq tərəfindən cinayət işi başlanıb.

Baş Prokurorluqdan verilən məlumata görə, hazırda Baş prokurorun birinci müavini, Bakı şəhər prokuroru və istintaq-əməliyyat qrupu hadisə yerindədir: “Media nümayəndələrindən Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirmədən hadisə barədə məlumatların yayılmaması xahiş olunur”, - məlumatda qeyd edilib.

DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidovun verdiyi məlumata görə, Fazil Mustafaya qarşı baş verən silahlı hücümla bağlı cinayət işi başlanılıb: “Polis və prokurorluq əməkdaşları tərəfindən hazıfda zəruri istintaq və əməliyyat axtarış tədbirləri həyata keçirilir”, - açıqlamada qeyd edilib.

Onu da qeyd edək ki, Evinin önündə sui-qəsd nəticəsində yaralanmış millət vəkili Fazil Mustafa xəstəxanaya aparılıb. 

Deputat 1 saylı Klinik Tibbi Mərkəzə (KTM) yerləşdirilib. KTM-dən verilən məlumatda qeyd edilib ki, yaralı Təcili Tibbi Yardım şöbəsindədir. Hazırda həkimlər tərəfindən ona təcili müdaxilə edilir.

Qeyd edilib ki, onun vəziyyəti orta-ağırdır, həyatı riski yoxdur. Yekun vəziyyəti barədə əlavə məlumat veriləcək.

Fazil Mustafanın yaxınlarından biri bildirib ki, deputat evə gələn zaman öz maşınını evinin qarşısında saxlayıb düşərkən avtomat silahdan önun üzərinə atəş yağdırılıb. Millət vəkilini öldürmək istəsələr də, xoş təsadüfdən güllələrdən ikisi həyatı təhlükə təşkil etməyən orqanlarına dəyib.

Fazil Mustafanın qardaşı oğlu Toğrul Mustafayev bildirib ki, sui-qəsdə məruz qalaraq evinin önündə güllələnən millət vəkili Fazil Mustafa əməliyyat olunacaq.

“Güllə çiynindən və ayağından dəyib. Həyati riski yoxdur. Təcili əməliyyata alındı”, - deyə deputatın qohumu bildirib.

Qeyd edək Toğrul Mustafayev hadisəni kimlərin törətdiyi haqqında bir məlumatlarının olmadığını da deyib.

Bənzər yazılar

0.21179986000061