İctimai fəal Bəxtiyar Hacıyev Azərbaycan prezidenti İlham Əliyevə onun həbsdən azad olunmasına köməklik göstərilməsi xahişi ilə müraciət edib. Bu məlumatı Turan-a onun vəkili Rövşanə Rəhimli təsdiqləyib.
Hacıyev Azərbaycan prezidentinə ünvanladığı ərizəsində qeyd edir ki, 2022-ci il dekabrın 9-dan ona qarşı Cinayət Məcəlləsinin 221.2 (xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələri ilə ittihamlarla bağlı həbsdədir.
O, dövlət başçısından onun həbsdən azad olunmasına “kömək etməyi” xahiş edir.
Vəkil qeyd edib ki, hər bir vətəndaşın öz hüquqlarının bərpasına köməklik göstərilməsi xahişi ilə dövlət başçısına müraciət etmək hüququ var.
Bəxtiyar Hacıyevlə bağlı vəziyyətdə bu, xüsusilə başa düşüləndir, çünki onun coxdaylı apellyasiya şikayətləri və vəsatətlər vasitəsilə azadlığa çıxmaq cəhdləri nəticəsiz qalıb.
Vəkil Rəhimli, Hacıyevin prezidentə müraciətinin müsbət nəticə verəcəyinə ümid etdiyini bildirib.
“Biz çox ümid edirik ki, Bəxtiyar Hacıyev nəinki həbsdən azad ediləcək, ümumiyyətlə, onun barəsində qanunsuz cinayət təqibinə son qoyulacaq”, – vəkil vurğulayıb.
* Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib. Həmin gün Xətai Rayon Məhkəməsi onun barəsində 1 ay 20 sutka həbs qərarı çıxarıb. Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib.
Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini daha bir ay, fevralın 23-də isə Xətai məhkəməsi isə həbs müddətini daha 2 ay – aprelin 28-də uzadıb. Hacıyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi və ya məhkəmə başlayana qədər zaminə buraxılması ilə bağlı vəkillərin çoxsaylı vəsatətləri məhkəmələr tərəfindən təmin edilməyib. Fevralın 28-də, aclıq aksiyasının 51-ci günündə Hacıyev aclığı dayandırıb. Dövlət Departamenti, ABŞ Senatı, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Hacıyevin həbsdən azad olunmasını tələb ediblər.