“AzerGold” QSC-nin fəaliyyətinin ən vacib istiqamətlərindən biri geoloji kəşfiyyat və tədqiqat işləridir.
Cəmiyyət metal ehtiyatlarının artımına nail olmaq məqsədilə 2022-ci ildə əlvan metallar üzrə 53 min metr və qara metallar üzrə 31 min metr olmaqla, ölkənin dağ-mədən sənayesi üzrə rekord göstərici olan ümumilikdə 84.4 min metr dərinliyində buruqqazma işi icra edib. 2017-2022-ci illər ərzində isə əlvan metallar üzrə 252 min metr, qara metallar üzrə isə 53 min metr olmaqla, ümumilikdə 305 min metrdən çox buruq qazılıb.
2022-ci il ərzində “AzerGold” QSC-nin fəaliyyət sahələrində dayanıqlı təhlükəsiz iş şəraitinin təmin edilməsi məqsədilə əməyin mühafizəsi və texniki təhlükəsizlik, habelə digər əlaqəli sahələr üzrə müvafiq tədbirlər fəaliyyət planına uyğun olaraq uğurla icra edilib. Nəticədə 2022-ci ildə “AzerGold” QSC-də xəsarətsiz ötüşən iş saatlarının miqdarı 842 min 612 saata, ümumilikdə 2016-2022-ci illər ərzində isə 3 milyon 630 min 208 saata çatıb.