Qaradağ rayonun ucqar qəsəbələrindən birində orta məktəb yoxdur. Söhbət Şonqar qəsəbəsindən gedir. Sözügedən qəsəbədə vaxtı ilə məktəb fəaliyyət göstərsə də sonradan fəaliyyətini dayandırıb. Təhsil ocağı olmadığına görə şagirdlər qonşu qəsəbələrdə yerləşən məktəblərə üz tutur. Bu isə onlara heç də asan başa gəlmir. Artıq bəzi valideynlər övladlarını məktəbə göndərmək istəmir. Məsələyə aidiyyəti qurum da münasibət bildirib.
1000-nə yaxın ailənin yaşadığı Qaradağ rayonu, Şonqar qəsəbəsində uzun müddətdir ki, məktəb problemi yaşanır.Qəsəbədə təhsil ocağı olmadığına görə, şagirdlər qızıldaş qəsəbəsində yerləşən məktəbə getmək məcburiyyətində qalır.Sakinlər deyirlər ki, yaşadıqları ərazidə məktəbin olmaması onlara ciddi çətinliklər yaradır.
Sakinlər iddia edirlər ki, problemlə bağlı aidiyyəti qurumlar məlumatlandırılsa da hələ ki nəticə yoxdur.
Məsələ ilə bağlı bakı şəhər təhsil idarəsindən bildirildi ki, Qaradağ rayonunun Şonqar yaşayış massivi Qızıldaş qəsəbəsindəki 180 nömrəli tam orta məktəbdən təxminən 2 kilometrlik məsafədə yerləşir. Şonqar yaşayış massivində 2004-cü ilə qədər 180 nömrəli tam orta məktəbin 2 ibtidai sinfi fəaliyyət göstərib. Sonradan həmin siniflərdə şagird sayının azlığı səbəbindən 180 nömrəli tam orta məktəbin əsas binasında siniflərin komplektləşdirilməsi zərurəti yaranıb. Qeyd edilib ki, Şonqar yaşayış massivində məktəb tikintisi ilə bağlı əsaslı ehtiyac yaranarsa, məsələyə müvafiq qaydada baxıla bilər.