UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.
Milletinsesi.info xəbər verir ki, gecənin əsas oyununda “Çelsi” öz meydanında səfərdə 0:1 uduzduğu Dortmund “Borussiya”sını qəbul edib.
Qarşılaşma London klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Zadəganlar”ın qollarını 43-cü dəqiqədə Rahim Sterlinq və 53-cü dəqiqədə penaltidən Kay Haverts vurub.
İki oyunun cəmində 2:1 üstün olan “Çelsi” adını 1/4 finala yazdırmağı bacarıb.
Gecənin digər matçı Portuqaliyada baş tutub. “Benfika” ilk oyunda 2:0 hesabı ilə məğlub etdiyi Belçika “Brügge”sini qəbul edib. Lissabonlular bu dəfə darmadağına sevinib – 5:1.
Portuqaliya klubunun heyətində Qonsalu Ramoş dubl edib, Rafa Silva, Joau Mario və David Nereş hərəyə bir top vurub. Belçikalıların təsəlli qoluna Byörn Meyer imza atıb.
İki oyunun cəmində 7:1 üstün olan “Benfika” 1/4 finalda yarışmaq hüququ qazanıb.