“Dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir”.
“Report” xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisin martın 7-də keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik məruzəsini təqdim edərkən deyib.
Onun sözlərinə görə, dərman vasitələrinin keyfiyyəti narahatlıq yaradan problemlərdən biridir:
“Eyni tərkibli, lakin müxtəlif ölkələrdə istehsal olunan dərmanların orqanizmə təsiri, həmin dərmanların keyfiyyəti məsələsinə ciddi yanaşma tələb edir. Bu baxımdan, dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir”.
Bundan başqa, pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısının genişləndirilməsi təklif edilir.
Məruzədə bildirilib ki, imtiyazlı qruplardan olan və dövlət hesabına dərman preparatları ilə təmin edilən şəxslərin sağlamlığının qorunması hüququnun daha səmərəli təmin edilməsi məqsədilə “Pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısı”nın növlərinin və ya əvəzedicilərinin sayının artırılması təklif edilir.