Şəhid anası Türkiyədəki şəhid anasına bağlama GÖNDƏRİB...

 21-02-2023

Şəhid Elgin Abbaslının anasının göndərdiyi bağlama Türkiyədə zəlzələdən sağ çıxan şəhid anası Ayşe Şişmana çatdırılıb.

Yeniavaz.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, sözügedən bağlama Azərbaycandan Türkiyəyə yardım daşıyan yük maşınının sürücüsünə verilərkən bildirilib ki, Türkiyədə şəhid anasına çatdırılacaq.

Sürücü həmin bağlamanı Ailə və Sosial Xidmətlər Nazirliyinin tabeliyindəki təbii fəlakətlər zamanı sosial yardımların  çatdırılmasından məsul quruma (ASYA) verib.

Qurumun səlahiyyətliləri isə 10 noyabr 2020-ci ildə Qarabağda şəhid olan Elgin Abbaslının fotoşəkilinin olduğu bağlamanı Hakkari vilayətində şəhid olan zabit Cevdet Şişmanın anası Ayşe Şişmana təhvil verib.

Bağlamanın üzərindəki şəkli görəndə həm sevinc, həm də kədər hissi keçirən A. Şişman Azərbaycandan gələn paltoları, paltarları və şokoladları dərhal uşaqlara paylayıb.


Zəlzələdən sonra Akçadağ rayonunun Bahri məhəlləsində konteynerdə məskunlaşan 75 yaşlı Şişman bildirib ki, bağlamanın üzərindəki şəhid əsgərin şəklini görəndə çox təsirlənib.
O bildirib ki, qutunun üzərindəki şəkli kəsib götürüb:
"Qutudakı şəkil mənə bəs etdi, dünyam oldu. Bu şəkli götürüb Cevdetimin yanına qoyum, dedim. Bu mənim Cevdetimin yanındadır, mən var olduqca da, yanımda olacaq”.
Azərbaycanlı şəhid Elgin Abbaslının indi onun oğlu olduğunu deyən Şişman belə davam edib:
"Bunu göndərəndən Allah razı olsun, məni sevindirdi, Allah da onu sevindirsin. Balasının qəbri nurla dolsun. Onun övladı mənim, mənimki də onundur. Daha heç nəyimiz yoxdur. O məni başa düşür, mən də onu başa düşürəm, bizi başqa heç kim başa düşə bilməz. Ancaq yaşayan bilər”.



Ayşe Şişman bildirib ki, fotonu ömürlük saxlayacaq:

"And olsun zəlzələni unutdum, bu bağlama gəldi, şəkli gördüm, zəlzələni unutdum. O ananın qurbanı olaram, belə gözəl övlad böyüdüb, məkanı nurdan olsun. Görüşmək istərdim, yanıma gəlsin, kim gətirsə mənə, qapım açıqdır. Mənimlə olsun, mənimlə qalsın, nəyim var, nəyim yox, onunla bölüşərəm”.
"Bağlamadakılarla uşaqları geyindirdim, onlar sevindi, mən də sevindim. HBütün şokoladları payladım, özüm yemədim, yeyə bilmədim”, - deyə Ayşe Şişman bildirib.

Qeyd edək ki, Elgin Ağayar oğlu Abbaslı 16 may 1991-ci ildə Laçın rayonunun Dəyhan kəndində dünyaya gəlib.

Elgin Abbaslı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Elgin Abbaslı 10 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olub. Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.

Elgin Abbaslı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

O həmçinin müvafiq sərəncamlarla "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə də təltif edilib.

 

Bənzər yazılar

0.14508199691772