14 il öncə Azərbaycanda itkin düşən qız hələ də tapılmayıb.
MillətinSəsi.info xəbər verir ki, bu barədə jurnalist Elnarə Məmmədova öz feysbuk səhifəsində məlumat verib.
O bildirib ki, Laura adlı sözügedən şəxs onun xalası nəvəsidir və 15-16 yaşlarında Şəmkirin Dəllər Cəyir kəndində itkin düşüb: “Oxumaq istəyirdi, amma xalamın dar düşüncəli oğulları qıza imkan vermədi. Lauranın rəfiqəlik etdiyi qızın anası insan alverinə görə məhkum olunmuşdu. Sonuncu dəfə evdən bezəndə Laura rəfiqəsinin evinə getdi və bir daha geri qayıtmadı. O vaxtı televiziyada işləyirdim, axtarış haqqında elanı efirdə də verdik. Şəmkir polisinə, DİN-ə özüm dəfələrlə məktub yazdım. Rəfiqəsinin ailəsini, insan alveriylə məhkum olunan birini heç kim istintaqa cəlb etmədi. Xalam bildirdi ki, o qadın nəvəsini çox ehtimal kiməsə satıb. Amma polis barmağını belə qaldırmadı”.
Elnarə Məmmədova bildirib ki, xalası dünyasını dəyişənə kimi hər zaman Lauranın axtarışında olub: “Xalam illər əvvəl Laura deyə-deyə öldü. Nə DİN, nə Şəmkir polisi barmağını qaldırdı o qızı tapmaq üçün. Bunu niyə yazıram? Jurnalist Aytənin boğazına bıçaq dirəyib uşağıyla hədələyiblər ki, xalamın Şəmkirdə itkin düşən qız nəvəsi kimi Tovuzda yoxa çıxan balaca Nərminin məhkəməsindən yazmasın.
Sizi bilmirəm, amma əminəm ki, Lauranın itməsini ört-basdır edənlər Tovuzdakı qızın da axırına çıxıblar. Və bu ört-basdırı edənlər mənim, sənin, Nərmin, Laura kimi balaca adamlar deyil”.