Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin keçmiş rəisi, general Mövlam Şıxəliyev, İstintaq İdarəsinin keçmiş rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, 2-ci şöbəsinin rəisi olmuş polkovnik Vüsal Ələkbərov və metodiki yardım və kriminalistika şöbəsinin sabiq rəis müavini Sahib Ələkbərovun apellyasiya məhkəməsi davam etdirilib.
Qqaynarinfo.az xəbər verir ki, prosesdə Sahib Ələkbərov Baş Prokurorluğun keçmiş rəhbərliyini ünvanına sensasion ittihamlar səsləndirib. Polkovnik iddia edib ki, onda Baş Prokurorluğun rəhbər vəzifəli şəxslərinə məxsus səs yazıları var:
“Başıma bir iş gəlsə, həmin səs yazıları lazım olan orqanlara təqdim olunacaq, yer yerindən oynayacaq. Gəlməsə də, özüm eləyəcəm. Xəbərdarlıq edirəm – otursunlar yerlərində, mənimlə işləri olmasın. Məhkəmələrə müdaxilə edib barəmdə qanunsuz qərarlar qəbul elətdirməsinlər”.
Təqsiri olmadığını deyən polkovnik çıxşında onunla birgə mühakimə olunanları da müdafiə edib. Sahib Ələkbərovun iddasına görə, Baş Prokurorluğun İstintaq İdarəsində onun, eləcə də birlikdə mühakimə olunduğu şəxslərin haqqında heç bir mötəbər sübut yoxdur:
“Təqsirləndirilən şəxs qismində cəlb olunmağım haqqında qərarda məni səlahiyyətlərimə görə səhiyyə naziri, baş prokuror, ədliyyə naziri, həm də milli təhlükəsizlik naziri kimi göstərmişdilər. Sonra qərarı dəyişib işin içinə başqasını qoydular. İrəli sürülən ittihamlardan biri baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovun qərarına təsir göstərməyim haqdadır. İddia olunur ki, Ələkbərov Usubovun Səbail prokurorluğunun qərarını ləğv etməsinə nail olub”.
Təqsirləndirilən MTN polkovniki deyir ki, əksinə, 2005-ci ildə Hacı Məmmədov olaylarına görə Rüstəm Usubovu şahid qismində dindirəndə özü onun tərəfindən hədələnib:
“Mən baş prokuror olmuşam ki, Usubova göstəriş verim “get Səbail prokurorluğunun qərarını ləğv elə?!” Bu qədər absurd olmaz axı. Çağırıb Rüstəm Usubovu dindirsinlər ki, mən necə nail olmuşam buna. 2005-ci ildə Hacı Məmmədovun dəstəsi ifşa olunanda o iş üzrə Rüstəm Usubovu MTN-də mən dindirirdim. Onda Rüstəm Usubov bir neçə dəfə məni hədələmişdi”.