“Ermənistanda etiraz aksiyalarını təşkil edənlər, onun başında duranlar Ermənistan cəmiyyəti üçün kifayət qədər məlum şəxslərdir. Onlar əvvəllər hakimiyyətdə olublar və məqsədləri bəllidir”.
Oxu.Az-ın məlumatına əsasən, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə əsasən, həmin şəxslər uzun illər erməni xalqına vədlər verib, onları illüziyalarla aldadıblar. Nazir qeyd edib ki, Ermənistandakı mitinqlər hakimiyyət uğrunda mübarizənin tərkib hissəsidir: “Bəziləri Qarabağ mövzusunu gündəmə gətirmək istəyirlər. Biz bu prosesləri izləyirik. Orada geniş ictimai dəstəkdən söhbət getmir, ən böyük halda beş-altı min adam belə yoxdur”, - deyə nazir əlavə edib.
Bundan başqa, Xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın Azərbaycanın təklif etdiyi 5 maddəlik baza prinsipinə yanaşmasından danışıb.
Nazir jurnalistlərə açıqlamasında deyib ki, Ermənistanın Azərbaycanın təkliflərinə 6 bəndlə cavabını təklif adlandırmaq olmaz: “Bu, sadəcə onların reaksiyasıdır. Mən o 6 bənddən ibarət reaksiyanın bir neçəsini sadalaya bilərəm və siz də qənaətə gələ bilərsiniz ki, bunu nə qədər təklif adlandırmaq olar”, - deyə Ceyhun Bayramov bildirib.
Nazir qeyd edib ki, Ermənistanın reaksiyası haradasa Azərbaycanın ərazi bütövlüyünün tanınmasıdır.
Həmçinin, Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası ilə bağlı Birgə Sərhəd Komissiyasının formalaşmasına dair əldə edilən razılıqdan danışıb.
Nazir jurnalistlərə açıqlamasında deyib ki, ermənistanlı həmkarı Ararat Mirzoyanla telefon danışığında komissiya barədə təklif səsləndirib: “Nəzərə alaq ki, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası prosesi bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Ona görə təklif etdik ki, komissiya fərqli formatda təşkil edilsin”, - deyə Ceyhun Bayramov əlavə edib.
Nazirin sözlərinə görə, Azərbaycanın təklifi bundan ibarətdir ki, komissiyaya rəhbərliyi baş nazir etsin: “Ermənistanın xarici işlər naziri bunu anlayışla qarşıladı. Amma bildirdi ki, Ermənistana bunu müzakirə etmək üçün vaxt lazımdır. Rusiya sülhməramlıları müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində öz funksiyalarını yerinə yetirirlər”.
Nazir qeyd edib ki, sülhməramlıların fəaliyyəti ilə bağlı vaxtaşırı müəyyən suallar olur: “Bu, onunla bağlıdır ki, Qarabağda qanunsuz hərbi birləşmələr mövcuddur. Digər tərəfdən, həmin ərazilərə qanunsuz səfərlər də olurdu. Bu məsələlər sülhməramlıların buradakı komandanı qarşısında və siyasi səviyyələrdə qaldırılır”.