Türkiyənin Malatya şəhərində dağıntılar altında qalan azərbaycanlı tələbələrdən hələ HEÇ BİR İZ YOXDUR

 13-02-2023

Türkiyənin Malatya şəhərində dağıntılar altında qalan azərbaycanlı tələbələrdən xəbər almaq mümkün deyil.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı feysbukda yazıb. 

O qeyd edib ki, tələbələrin yaşadıqları binadan bir neçə cəsəd çıxarılıb, onlardan isə hələ ki, heç bir iz yoxdur:

“Tələbələrin ailə üzvləri bizimlə əlaqə saxlayırlar. Tələbələrdən birinin atasından və qardaşından indicə gələn mesajlar adamı dəhşətə gətirir. Tələbələri tapa bilmirlər. Qazıntı aparanlar az qala binanın dibinə qədər gedib çıxırlar. Bir neçə insanın cansız bədənini çıxarıblar. Türkiyənin dövlət orqanları tərəfindən bizə hər hansı məlumat verilməyib. Azərbaycanlı tələbələrdən isə hələ ki, heç bir iz yoxdur. Axtarışlar davam etdirilir.”

Bundan başqa, tələbələrin yaşadıqları binada axtarış-xilasetmə işlərini görən xilasedicilərdən biri Baku TV-yə verdiyi açıqlamada bildirib ki, binada heç bir canlının qalmadığı barədə məlumat alıblar: “Hər bir otağın ən dibinə qədər texnikalar işləyir. Çünki ancaq bundan sonra digər otaqlara keçmək mümkün olur. Nəşlərə zərər vermədən işlərə davam edirik. Ötən gün bir neçə pişik çıxardıq. AFAD artıq heç bir canlının qalmadığı məlumatını verəndən sonra işləri sürətləndirdik”.

Qeyd edək ki, Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələ nəticəsində 4 azərbaycanlı tələbə – Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə dağıntılar altında qalıb. Onlar Malatyada yerləşən İnönü Universitetinin tələbələridir.

Bənzər yazılar

0.39944791793823