“Ali Məhkəmənin qərarlarına cəmiyyətin əlçatanlılığı da təmin edilməlidir. Qərarların dərc edilməsi və yayılması nəinki hakimlərin, vəkillərin və hüquqçuların, həm də cəmiyyətin bütün digər təbəqələrinin Ali Məhkəmənin fəaliyyəti haqqında məlumat əldə etməsinə və onları incələməsinə şərait yaradır.
Qərarların dərc edilməsi, xüsusilə, vahid məhkəmə təcrübəsinin yaradılmasının, məhkəmə qərarlarının ardıcıllığının və proqnozlaşdırıla bilən olmasını təmin etmənin güclü bir vasitəsidir”.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən “Ali Məhkəmələrin ədalət mühakiməsində rolu: müsbət təcrübələr və müasir çağırışlar” mövzusunda beynəlxalq konfransda Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxışında deyib.
Onun sözlərinə görə, bununla hüququn məhkəmələr tərəfindən tətbiqi təcrübəsi ardıcıl hala gəlir, sistemli pozuntular aradan qaldırılır, məhkəmələrin fəaliyyətində eyni faktiki halları olan işlərə münasibətdə fərqli yanaşmanın qarşısı alınır.
“Qeyd etmək istəyirəm ki, biz ölkəmizdə Ali Məhkəmənin bütün qərarlarının adsızlaşdırılmış qaydada dərc edilməsini təmin edirik”, - deyə Ali Məhkəmənin sədri vurğulayıb.
Bundan başqa, Ali Məhkəmənin sədri Ramiz Rzayev Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalları Akif Çovdarov və Sübahir Qurbanovun əmlaklarının müsadirədən azad olunması ilə bağlı qərarlara münasibət bildirib.
Ramiz Rzayev bildirib ki, sözügedən əmlaklar qanunun tələbinə uyğun olaraq müsadirədən azad olunub. Yəni, qeyd olunan əmlakların cinayət yolu ilə əldə olunmadığı və cinayətdə iştirakçı olmayan şəxslərə məxsus olduğu sübut edilib:
“Bu kimi hallarda istintaq orqanı tərəfindən müəyyən olunmalıdır ki, üzərinə həbs qoyulan əmlaklar oğurluq pulla alınıb, yoxsa şəxsin hər hansı qohumuna məxsusdur. Nə cinayət olursa olsun, biz qərar qəbul edərkən qanunu rəhbər tuturuq. Kimliyindən asılı olmayaraq, qanun qarşısında hamı bərabərdir. Biz deyə bilmərik ki, bu Çovdarovdu, bu başqasıdır, ona qanunu tətbiq etməyək. Mənim üçün nə fərqi var, Çovdarov, Qurbanov, ya da Məmmədov… Biz gərək qanunu düzgün şərh edək, birinə qarşı bir cür, digərinə başqa cür edə bilmərik. Dediyim kimi, biz qərar qəbul edərkən qanunu rəhbər tuturuq”.
Qeyd edək ki, Ali Məhkəmənin qərarına əsasən, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işinin müsadirə olunmuş əmlaklar hissəsi yeni baxışa qaytarılıb.
Bakı Apellyasiya Məhkəməsində yenidən araşdırılan iş üzrə 2022-ci ilin dekabrın 28-də qərar elan olunub. Qərara əsasən, Akif Çovdarovun yaxınlarının adına rəsmiləşdirilmiş 30 milyonluq əmlak xüsusi müsadirədən azad olunub.
Bundan başqa, bir neçə gün əvvəl keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovun cinayət işi üzrə müsadirə olunmuş bir neçə əmlak sahiblərinə geri qaytarılıb.