Türkiyənin zəlzələ bölgəsindən Azərbaycan vətəndaşları TƏXLİYƏ OLUNUR

 07-02-2023

“Türkiyədə zəlzələ baş verən andan bizə daxil olan zənglərin araşdırılmasına başlamışıq”. Bunu APA-ya açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib.

Səfir qeyd edib ki, zəlzələ baş verən bölgələrdə təhsil alan tələbələrin sayı çoxdur: "Bu gün saat 15:00-dan etibarən Azərbaycan vətəndaşlarının Türkiyənin zəlzələ bölgəsindən təxliyə prosesinə başlanılıb.

Artıq ikinci zəlzələ baş verəndə biz həmin bölgələrdə olan tələbələrin sayını müəyyənləşdirməyə və onlardan dağıntılar arasında qalanların olub-olmamasını dəqiqləşdirməyə başlamışdıq. Bizə daxil olan məlumatlardan Malatyada 4 tələbənin dağıntılar arasında qaldığı deyildi. Biz onların ad və soyadını dəqiqləşdirərək bütün xəstəxanalarda axtarış apardıq.

Amma bu günə qədər hələ onlarla bağlı bir məlumat yoxdur. Biz yenə araşdırırıq. Türkiyənin rəsmi qurumlarının hər gün yaydığı ölən və xəsarət alanlar arasında da həmin tələbələrin adı çıxmayıb. Nəzərinizə çatdırım ki, bu məlumatlar hər gün yenilənir. Araşdırmalarımız davam edir”.

Səfir deyib ki, artıq dünən Azərbaycan hökuməti tərəfindən zəlzələ bölgələrində yaşayan azərbaycanlıların təxliyəsi ilə bağlı qərar qəbul edilib və bu gün saat 15:00-dan başlayaraq Türkiyənin Kahramanmaraş, Malatya, Qaziantep və Adana vilayətlərinin avtovağzallarından təxliyə avtobusları yola düşür: “Biz operativ qərargahlara daxil olan zəngləri araşdırırıq və bunun əsasında təxliyə ediləcək insanları avtobuslara yerləşdiririk”, - səfir əlavə edib.

Rəşad Məmmədov qeyd edib ki, təxliyə ediləcək Azərbaycan vətəndaşları Gürcüstan üzərindən Vətənə yola salınacaq: “Artıq bir neçə avtobus dolub və yola düşür”.

Səfir təxliyə ediləcək Azərbaycan vətəndaşlarının sayını açıqlamayıb. Səfir qeyd edib ki, təxliyə olunanların sayını axşam elan edəcəklər.

Bənzər yazılar

0.20785593986511