İşsiz və işaxtaran şəxslərin NƏZƏRİNƏ - Video

 05-05-2022

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) istifadəyə verilir.

MillətinSəsi.info xəbər verir ki, bununla əlaqədar keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev məlumat verib. O yeni altsistemin tətbiqinin əmək münasibətlərində köklü dəyişiklikləri nəzərdə tutduğunu deyib.

Qeyd edib ki, ƏMAS bütün işəgötürənlər və işə qəbul olunanlar üçün vahid əmək münasibətləri platformasını və əmək bazarının bütün iştirakçılarına yeni ciddi dəstək mexanizmini formalaşdırır. Bu altsistem vasitəsilə əmək müqavilələrinin kağız üzərində deyil, e-qaydada bağlanması, rəqəmsal kadr uçotuna keçilməsi, əmək münasibətləri zamanı kağız üzərində aparılan digər əməliyyatların rəqəmsal müstəviyə keçirilməsi təmin olunur.

Tədbirdə Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli ƏMAS-a dair təqdimatla çıxış edib. Bildirilib ki, işəgötürənlərin kadr məsələləri ilə bağlı işlərinin daha çevik və rahat yerinə yetirilməsini dəstəkləyəcək ƏMAS  əmək münasibətlərini tənzimləyəcək.

İşəgötürənlərin fəaliyyətini təmin edəcək bölmələrdə işəgötürənin kabineti, təşkilatın profili, strukturu, fəaliyyət sahəsi, hüquqi ünvanı, nizamnaməsi, ştat məlumatları və s. barədə informasiyalar əhatə olunacaq.

Altsistem vasitəsilə ştat cədvəllərinin formalaşdırılması, vakansiyaların və vakansiya tələblərinin təqdim edilməsi, müxtəlif növ əmrlər, o cümlədən əmək müqavilələrinin e-qaydada bağlanması, müqavilələr üzərində əməliyyatların aparılması, müqavilələrin e-imzalanması imkanları təmin ediləcək.

ƏMAS işsiz və işaxtaran şəxslərin aktiv məşğulluq proqramlarına əlçatanlığını daha da artıracaq. Bu e-platforma özündə ölkənin Məşğulluq xəritəsini və reyestrini, mərkəzləşdirilmiş Karyera Portalını, işə düzəlmədə vasitəçilik üzrə vahid reyestri  əhatə edəcək. ƏMAS qeyri-formal məşğulluğa e-nəzarət sisteminin də təkmilləşməsinə imkan verir.

Altsistem risk əsaslı e-auditin aparılmasına (fiziki yoxlamaların azaldılmasına), e-birja və e-peşə təliminə, məşğulluğa cəlb olunmanın çevik təşkilinə və s. də imkan yaradır.

Bənzər yazılar

0.36317706108093