“Biz bu hadisəni qınayırıq. İran bizim qardaşımız deyil, Ermənistanın qardaşıdır”.
Milletinsesi.info xəbər verir ki, bu fikirləri Orxan Əsgərovun ailəsini ziyarət edən Hacı Allahşükür Paşazadə deyib.
O bildirib ki, Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələri Orxan Əsgərovun ailəsinə başsağlığı verməyə gəliblər:
“Məqsəd ondan ibarətdir ki, bu gün bizim birlik olub bura gəlməyimiz ölkəmizdə olan milli birliyi, vəhdəti nümayiş etdirir. Çox heyifsilənirəm ki, Azərbaycana qonşu olan dövlət ölkəmizə qarşı ədavətli addımlar atır. Bunun nəticəsidir ki akopyanları müqəddəs yerlərə gətirib gəzdirirlər. Mən bunu İran xalqına şamil etməzdim, bu gün orada yaşayan qardaşlarımız başa düşürlər.
Onlar bu gün İran, fars rejiminin əlində əsirdilər. İnanıram ki gələcəkdə həqiqət öz yerini tapacaq. Bu gün biz İrandan şəhid aldıq. Hansı ki, biz onları qardaş hesab edirdik. Artıq bilirik ki, İran bizim qardaşımız deyil, onlar Ermənistanın qardaşıdırlar. Buna görə də prezidentimiz dediyi kimi, biz də bunu terror aktı kimi bilirik. Bu məsələ araşdırılmalıdır”.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib ki, İranda 40 milyona yaxın azərbaycanlı bu gün fars rejiminin əlində əsirdir: “Biz də hamı kimi Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu qınayırıq. Bu gün ölkəmizdə yaşayan bütün dinlərin nümayəndəsi birlikdə gəlib başsağlığı veriblər. Bu onu göstərir ki, Azərbaycanda tolerantlıq, milli birlik və vəhdət var”.
A.Paşazadə vurğulayıb ki, İranda 40 milyona yaxın azərbaycanlı yaşayır: “Onlar bu gün fars rejiminin əlində əsirdirlər. İnanıram ki, həqiqət gələcəkdə öz yerini tapacaq. Bu gün biz İrandan şəhid aldıq. Hansı ki, onu qardaş hesab edirdik. Biz indi bilirik ki, onlar bizim yox, Ermənistanın qardaşıdır. Prezident İlham Əliyev dediyi kimi baş verənlər terror aktıdır. Məsələ dəqiqliyinə kimi incələnməli və dünya həqiqətin nə olduğunu bilməlidir”.
Qeyd edək ki, Azərbaycanda olan dini konfessiyaların rəhbərləri ölkəmizin İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan baş leytenant Orxan Əsgərovun yas mərasimində iştirak ediblər.
Yanvarın 30-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Müqəddəs Taxt-Tacın Azərbaycandakı apostol nunsisi arxiyepiskop Marek Solçinski, Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev şəhidin yas mərasiminə qatılıblar.
Dini rəhbərlər mərhumun ruhuna dualar oxuyublar, yaxınlarına başsağlığı veriblər.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.
Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb.
Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Eyni zamanda diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb.
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan O.Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında dəfn edilib.