Naxçıvanda Ali Məclisin qarşısında KÜTLƏVİ AKSİYA PLANLAŞDIRILIR - İDDİA

 25-01-2023

Naxçıvanda tikinti, təmir və abadlaşdırma idarələrində işçilərin maaşlarının iki aydır verilmədiyi iddia edilir.

Bu barədə facebook sosial şəbəkəsindəki  “Gündəlik Naxçıvan” səhifəsinə işçilərin özləri məlumat verib.

Onların sözlərinə görə, noyabr ayından bəri maaş almırlar.

Babək rayon Tikinti, Təmir və Abadlaşdırma İdarəsində çalışan Əli Quliyev deyir ki, bununla bağlı rəhbərliyə müraciət etsələr də, nəticəsi olmayıb:

“Yanvar ayı bitir. Naxçıvanın bütün rayonlarında tikinti, təmir və abadlaşdırma idarələrində işçilər hələ də noyabr və dekabr ayının maaşını ala bilməyiblər. Gah dedilər, maliyyə naziri həbs olunub, pulların keçməsi üçün imza atan yoxdur. Sonra da dedilər, yoxlama var, bitsin verəcəyik. Bu gün-sabah edirlər.  Başqa gəlir yerimiz yoxdur. Ailə-uşağımız var. Maaşların bu qədər yubadılması işçilər üçün əməlli-başlı problemlər yaradıb."

Əli Quliyev bildirir ki, yanvarın 18-də İdarənin qarşısında bir qrup işçi toplaşaraq rəhbərlikdən maaşların verilməsini tələb edib. Onlara söz verilib ki, bir-iki günə maaşları veriləcək: “Deyilənlərə inanmırıq. Çünki, yoxlamalar zamanı adı çəkilən idarədə də milyonlarla vəsaitin talan olması üzə çıxıb. Yəqin ki, bu pulların bir qismini bizdən çıxmaq istəyirlər”.

Naxçıvan şəhər Tikinti, Təmir və Abadlaşdırma idarəsində işləyən Fərəməz Qəmbərov da maaşlarının verilməməsindən şikayət edib: “İki aydan çoxdur ki, maaş ala bilmirik. İdarədə yoxlamalar aparıldığı bildirilirdi. Sonra Naxçıvan şəhər Tikinti, Təmir və Abadlaşdırma İdarəsinin müdiri Xaləddin Rüstəmovun həbs olunma xəbəri yayıldı. Hələ də yoxlamaların getdiyi deyilir. Bir-iki günə veriləcək deyə-deyə iki ay keçir. Aldığım 600 manatdır. Ailənin təminatını ödəmək üçün məcbur qalıb min manat borc almışam. İndi borclular da pulunu istəyir. Banka da borcum var. Yenidən kredit də vermirlər. Nə edəcəyimi bilmirəm”.

Şikayətçilər bildirib ki, maaşların verilməməsi ilə bağlı 10 gün əvvəl Naxçıvan MR Ali Məclisinə şikayət də ediblər. Qəbul şöbəsində araşdırılacağına söz verilsə də, nəticə yoxdur. Bu səbəbdən, onlar Ali Məclisin qarşısında kütləvi aksiya keçirməyi planlaşdırırlar.

Bənzər yazılar

0.62354493141174