"Azərbaycan hökuməti məmurların gəlir və xərclərini cəmiyyətə açıqlamaq istəmir”.
Bunu Qaynarinfo.az-a açıqlamasında vəkil Əkrəm Həsənov vəzifəli şəxslərin gəlirlərinin açıqlanması ilə bağlı qanunun icra olunmamasından danışarkən deyib. Vəkil bu məsələdə Nazirlər Kabinetini ittiham edib:
"Azərbaycan 2005-ci ildə Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya Qarşı Mübarizə Konvensiyasına qoşulub. Həmin konvensiyanın tələblərindən biri o idi ki, ona qoşulan dövlətlər öz məmurlarının hər il gəlir və xərc bəyannaməsini almalıdırlar. Buna görə də Azərbaycan 2005-ci ildə iki qanun qəbul etdi - korrupsiyaya qarşı mübarizə və maliyyə xarakterli məlumatların bəyan edilməsi. Orada konkret yazılır ki, ildə bir dəfə hər bir məmur özünün və ailə üzvlərinin gəliri, xərcləri ilə bağlı bəyanamə verməlidir. Qanunda göstərilir ki, məmurlar əmlakı, hətta kimə nə qədər borcu olmasına dair məlumat verməlidir. Bütün bunlar qanunun tələbidir. Həmin qanunda belə bir bənd var idi ki, bəyannamənin formasını Nazirlər Kabineti təsdiqləməlidir. Nazirlər Kabineti hələ o formanı təsdiqləməyib. 18 il il ərzində 3 baş nazir dəyişib -Artur Rasizadə, Novruz Məmmədov və Əli Əsədov, bunlarının heç biri iki səhifəlik formanı hələ təsdiqləməyib".
Əkrəm Həsənov bildirib ki, Nazirlər Kabineti üzərinə götürdüyü beynəlxalq öhdəlikdən yayınır: "Prezident Nazirlər Kabinetinə iki ay vaxt vermişdi. Üstündən 200 aydan çox vaxt keçir, açıq görünür ki, hökumət bunu etmək, məmurların gəlir-xərc bəyannaməsini cəmiyyətə açıqlamaq istəmir. Bununla da həm ölkə qanunları, həm də BMT konvesiyası pozulur. Sadə dillə desək, biz BMT-ni aldadırıq”.
Qeyd edək ki, 2005-ci ildə "Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında qanun qəbul edilib.