Polis Akademiyasına kursant qəbulu ELAN EDİLİB - VİDEO

 21-01-2023

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasına “hüquqşünaslıq” ixtisası üzrə əyani təhsil üçün 300 kursantın qəbulu müsabiqəsi elan edilib.

Bu barədə Milletinsesi.info-a DİN Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, müsabiqədə - Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, həqiqi hərbi xidmətə yararlı olan, 11-ci sinifdə oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək vətəndaşlar iştirak edə bilər.

Belə ki, ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, cari ilin yanvar, aprel və iyul tarixli çağırışlarında həqiqi hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, fəaliyyət qabiliyyəti olmayan, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, yaxın qohumları ağır cinayətlərə görə məhkum edilmiş vətəndaşlar müsabiqəyə buraxılmır.

Sənədlərin qəbulu 2023-cü il yanvar ayının 23-dən mart ayının 4-dək bazar günləri istisna olmaqla hər gün saat 10-dan 17-dək namizədin oxuduğu təhsil müəssisəsinin yerləşdiyi ərazi üzrə polis idarə və ya şöbələrində həyata keçiriləcək.

Namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

– şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və surəti);

– təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında DİN-ə təqdim olunması üçün arayış və ya tam orta təhsil haqqında sənəd;

– yaşayış yeri üzrə tibb müəssisəsindən DİN-ə təqdim olunması üçün sağlamlıq haqqında arayış;

– ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və surəti);

–oxuduğu təhsil müəssisəsi tərəfindən DİN-ə təqdim olunması üçün verilmiş xasiyyətnamə;

– 9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli, donuq kağızda).

Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 454-12-78, (012) 590-98-16.

Abituriyentlərin fiziki hazırlıq üzrə verəcəkləri minimal normativlər aşağıdakılardır:

- turnikdə dartınma – çəkisi 80 kiloqramadək olanlar – 10 dəfə, 80 kiloqramdan yuxarı olanlar – 8 dəfə;

- qaçış 100 metr məsafəyə – 15 saniyə, 1000 metr məsafəyə – 4 dəqiqə;

- qollar üzərində bədənin döşəmədən qaldırılması – 20 dəfə;

- arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması – 20 dəfə;

Fiziki hazırlıq normativləri ödəyə bilməyən abituriyentlər müsabiqədən kənarlaşdırılır.

Polis Akademiyasında tədris azərbaycan dilində aparılır, təhsil müddəti 4 ildir. Təhsil müddətində kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin olunular.

Məzunlara “hüquqşünaslıq” ixtisası, “polis leytenantı” xüsusi və “ehtiyatda olan leytenant” hərbi rütbələri verilməklə daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.

Polis Akademiyası və sənəd qəbulu haqqında ətraflı məlumatlar Akademiyanın www.pa.edu.az internet saytında yerləşdirilib.

Bənzər yazılar

0.22063398361206