Azərbaycan hökuməti Əvəz Zeynallı və Qənimət Zahidə 6 MİN AVRO ÖDƏMƏLİDİR

 19-01-2023

“Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, yanvarın 19-da Azərbaycandan göndərilmiş 4 şikayət üzrə qərarlarını elan edib. Məhkəmə ərizələrdə iddia olunan pozuntuların əksəriyyətini tanıyıb”.

Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa Məhkəməsi Gündəliyi məlumat yayıb.

“Xural qəzeti və Əvəz Zeynalov (Əvəz Zeynallı) Azərbaycana qarşı. Bu işdə ərizəçilər “Xural” qəzeti və həmin qəzetin hazırda həbsdə olan baş redaktoru Əvəz Zeynalov idi. Məhkəmə işi 2010-cu ildə “Xural” qəzetinin bu qəzetdə dərc edilmiş iki məqaləyə görə mülki qaydada cərimə edilməsinin ifadə azadlığı hüququna zidd olması iddiaları ilə bağlı idi. Sözügedən məqalələrdə digər məsələlərlə yanaşı KİV-ə Dövlət Dəstəyi Fondunun hazırda həbsdə olan icraçı direktoru Vüqar Səfərli tənqid olunmuşdu.

V.Səfərli şərəf və ləyaqətinin aşağılanması əsası ilə məqalələrdən məhkəməyə şikayət etmiş, məhkəmələr Xural qəzetini 5 min manat cərimələmişdilər.

Ərizəçilər AİHM qarşısında Konvensiyanın 10-cu maddəsi ilə təminat altına alınan ifadə azadlığı hüquqlarına müdaxilənin baş verdiyini iddia edirdilər. Ərizə AİHM-ə 2012-ci ildə göndərilmişdi. AİHM bu işdə ərizəçinin ifadə azadlığı hüququna müdaxilə baş verdiyi qərarına gəlib. Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər və xərc, məsrəf əvəzi 6 min avro ödəməlidir.

Qənimət Zayidov (Qənimət Zahid) Azərbaycana qarşı. Bu işdə ərizəçi Qənimət Zayidov Fransada yaşayan Azərbaycan vətəndaşıdır. O, hadisələrin baş verdiyi vaxt müxalif yönümlü “Azadlıq” qəzetinin redaktoru və müxalif siyasi partiya olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (Azərbaycan Xalq Cəbhəsi Partiyası) üzvü olub.

Bu məhkəmə işi ərizəçinin qəsdən sağlamlığa orta ağır zərər vurma və xuliqanlıq ittihamı ilə azadlıqdan məhrum edilməsi ilə bağlı idi. İşin hallarına görə, ərizəçi “Azadlıq” qəzetinin o vaxtkı ofisinin yerləşdiyi “Azərbaycan” nəşriyyatının qarşısında Sevgiladə Quliyeva adlı xanımla mübahisə edib, daha sonra ona xəsarət yetiribmiş. Yerli məhkəmələr ərizəçini təqsirli bilib, barəsində 4 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarıblar.

Ərizəçi ardınca 2010-cu ildə Azərbaycan prezidenti tərəfindən əfv edilib. AİHM-ə 2008-ci ildə göndərilmiş ərizədə ədalətli məhkəmə araşdırması hüququnun (maddə 6.1 və 6.3(d)) pozuntusu mübahisələndirilmişdi. AİHM bu işdə ərizəçinin ədalətli məhkəmə araşdırması hüququnun (maddə 6.1) pozulduğuna qərar verib. Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər və xərc, məsrəf əvəzi 6 min avro ödəməlidir.

Azər Mehtiyev Azərbaycana qarşı. Bu işdə ərizəçi sosial və iqtisadi məsələlərlə bağlı müxtəlif layihələr icra edən qeyri-hökumət təşkilatı olan İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (QHT) sədri idi. Ərizəçi bir sıra digər QHT-lərlə birlikdə xüsusilə, dövlət büdcəsindən maliyyələşən iri dövlət şirkətlərinin fəaliyyəti ilə bağlı araşdırmaları nəzərdə tutan layihələr icra edirdi. Ərizəçi 2009-cu ildə həmin layihələrdən biri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) informasiya sorğusu göndərib, aşağıdakı məlumatların ona təqdim edilməsini xahiş etmişdi:

(a) SOCAR-ın əvvəlki üç ildə xaricdə həyata keçirdiyi investisiya layihələri, o cümlədən həmin layihələrin dəyəri, layihələrə ayrılmış vəsaitlər və maliyyələşdirmə mənbələri;
(b) SOCAR-ın imzaladığı kredit müqavilələri və alınan xarici kreditin məbləği;
(c) SOCAR-ın nizamnamə kapitalının məbləği, əvvəlki üç ildə nizamnamə kapitalının artırılması üçün ayrılmış vəsaitin məbləği və mənbələri.

SOCAR-ın vitse-prezidentlərindən biri sorğulanan bilgiləri verməkdən imtina etmiş, ərizəçinin yerli məhkəmələr qarşısında qaldırdığı iddialar isə rədd olunmuşdu. Ərizəçi AİHM-ə 2010-cu ildə göndərdiyi şikayətində ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilənin baş verdiyini iddia edirdi. AİHM bu ərizənin qəbuledilməz sayılmasına qərar verib.

Yaşar Ağazadə Azərbaycana qarşı. Bu iş jurnalist olan ərizəçinin ictimai bilgilərə çatımının qanunsuz əngəllənməsi iddiaları ilə bağlıdır. 2010-cu ildə Azərbaycanın bir sıra rayonlarında təbii fəlakət baş vermiş, Kür və Araz çaylarının irimiqyaslı daşması nəticəsində çox sayda vətəndaşa məxsus mülklər dağılmış və ya zədələnmişdi.

Həmin vaxt Azərbaycan prezidentinin sərəncamı ilə təbii fəlakətlə mübarizə üzrə xüsusi Dövlət Komissiyası yaradılmış, həmin Komissiyaya zərər çəkmiş rayonların iqtisadiyyatının və yaşayış məntəqələrinin bərpası, zərərçəkmişlərə dövlət tərəfindən pul kompensasiyasının ödənilməsi ilə bağlı kompleks tədbirlər həyata keçirmək tapşırılmışdi.

Ölkənin baş naziri komissiyanın sədri təyin edilmişdi. Ərizəçi Dövlət Komissiyasına və onun sədrinə informasiya sorğusu ilə müraciət edib, digər məsələlərlə yanaşı, zərərçəkmişlərə ödəniləcək kompensasiyanın məbləğləri, zərər çəkmiş rayonların bərpası üçün dövlət büdcəsindən ayrılan vəsaitlərlə bağlı həyata keçirilən tədbirlər haqqında məlumatların və hesabatların surətlərinin ona təqdim edilməsini xahiş etmiş, ancaq sorğuya ümumiyyətlə cavab verilməmişdi.

Yerli məhkəmələr də ərizəçinin iddialarını təmin etməmişdilər. Ərizəçi 2012-ci ildə AİHM-ə göndərdiyi şikayətində ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilənin baş verdiyini iddia edirdi. AİHM bu ərizənin qəbuledilməz sayılmasına qərar verib”, - məlumatda bildirilib.

Bənzər yazılar

0.46509099006653