Cənubi Qafqazın ən böyük topdansatış mərkəzlərindən biri sayılan “Sədərək” ticarət mərkəzində faəliyyət göstərən “ADA” şirkətlər qrupundan mağazalara satılan yuyucu toz, kosmetika və s. qeyri-qida məhsullarının saxta, keyfiyyətsiz olması barədə Deryaz.az saytının redaksiyasına məlumat daxil olub. Şirkəti idarə edən Əmir və Baxış adlı qardaşların “Sədərək” TM-nin sahibkarı Yusif Qədimbəylinin adamları olduğu deyilir.
“ADA” demək olar, yarmarkadakı bütün qeyri-ərzaq dükanlarına mal paylasa da, onun mal dövriyyəsinin həcmi çox az göstərilir ki, bu da dövlətə vergiyə cəlb olunan gəlirləri az göstərmək üçündür. Bildirilir ki, qardaşlar hətta heç nəzarət-kassa aparatlarından belə istifadəyə lüzum bilməyərək, yalnız Yusiflə hesablaşırlar və bununla da özlərini tam toxunulmaz hiss edirlər.
Qeyd etməliyik ki, “Sədərək” bazarında anbarlara qəbul edilən qida və qeyri-qida məhsullarının giriş nəzarətini həyata keçirmək: nümunələr götürmək, keyfiyyətinin orqanoleptik yoxlamasını həyata keçirmək, laborator analizin aparılması üçün nümunələri akreditə olunmuş laboratoriyaya təqdim etmək kimi vəzifələr unudulub. Məhsul daşınan nəqliyyat vasitələrinin sanitar vəziyyətini, daşınma tələblərinə uyğunluğunu, qəbul edilən məhsulların və onların markalanmasının müşayiət edici keyfiyyət sənədlərinə uyğunluğunu, qəbul edilən malların qablaşdırılmasının tamlığını, məhsulların rəf ömrünün standartların tələblərinə uyğunluğunu yoxlayan yoxdur. Məhsulların düzgün anbarlanmasına və müvafiq (məhsula dair standartın və istehsalçının tələblərinə uyğun) şəraitdə saxlanılmasına nəzarət edilmir. Saxlanc yerlərində temperatur, nisbi rütubət kontrolu aparılmır.
Xatırladaq ki, KİV-də vaxtilə adı “MTN işi”ndə hallanan, ölçüyəgəlməz kapitalı Azərbaycanın hüdudlarını çoxdan aşaraq Çexiyaya kimi daşınan Y.Qədimbəylinin oğlu Mehman Qədimovun Prezident Administrasiyasında çalışdığı və öz nüfuzundan istifadə edərək atasının haqsız məhkəmə proseslərindən qalib çıxmasına köməkçi olduğu barədə məlumatlar gedib. Ehtimal böyükdür ki, Yusif bəy vergi və istehlak bazarına nəzarət xidmətləri ilə münasibətlərində də oğlunun mənsəbindən təzyiq vasitəsi kimi istifadə edir.
P.S. Qarşı tərəfin də mövqeyini öyrənmək üçün şirkətin rəhbəri Əmir bəyə zəng edib münasibət bildirməsini xahiş etdik. O, suallarımıza aydınlıq gətirməsinə söz versə, sonradan mövqeyindən yayındı. Odur ki, hər iki qardaşın mövqeyini dərc etməyə hazırıq
Mənbə Deryaz.az