Prezident İlham Əliyev: “Təbii qaz ixracımız artmaqda davam edəcək”

 16-01-2023

“Cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqaenerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdən çoxdur”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

“Təbii qaz ixracımız artır - ötən il 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. Bu rəqəm artmaqda davam edəcək. Buna görə mən bir daha söyləmək istərdim ki, Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planlarımız Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil. Belə ki, biz həmin işləri artıq söylədiyim başqa səbəblərə görə aparırıq”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

“Ötən ay - dekabrın 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair saziş imzaladılar. Bu saziş Avropa Komissiyası Prezidentinin şahidliyi ilə imzalanıb. Planımız Azərbaycandan 4 giqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabeli çəkməkdir”.

Dövlətimizin başçısı qeyd edib ki, lakin bu, kifayət etməyə bilər. Burada söhbət artıq razılaşdırılmış həcmlərdən gedir. Lakin planlarımız daha genişdir.

“Azərbaycanda investisiya mühiti çox müsbətdir. Biz neft və qaz sektoruna böyük sərmayələr cəlb etmişik. İndi isə hədəfimiz bərpaolunan enerjidir. Başqa sözlə, planlarımız böyükdür və əminəm ki, işlərin öhdəsindən gələcəyik”, - deyə Prezident İlham Əliyev əlavə edib.

Bənzər yazılar

0.14058613777161