15 gündür küçələrdə yaşayan qadın NİYƏ SIĞINACAĞA YERLƏŞDİRİLMİR?

 07-01-2023

Sosial şəbəkələrdə Bakının Yasamal rayonunda 49 yaşlı Sevilya adlı qadının 15 gündür küçədə qalması ilə bağlı yayılan məlumat və fotolar müzakirələrə səbəb olub. 

Ətrafdakı qonşular qadına müxtəlif ərzaq yardımı etməyə çalışsalar da, əsas problemin yaşayış yeri tapmaqla bağlı olduğunu bildiriblər. Onlar həmçinin qadının sağlamlıq vəziyyətinin yaxşı olmadığını, gecələr soyuğa tab gətirə bilmədiyini söyləyirlər. 

Bəzi məlumatlara görə, qadının əvvəl yaşadığı ev satılıb, qarşılığında ona müəyyən məbləğdə ödəniş edilib. Amma vəziyyətin sonradan necə belə hal alması isə məlum deyil. Bununla yanaşı, qadının sığınacağa yerləşdirilməkdən imtina etdiyi, mənzillə təmin edilmək üçün yardım istədiyi bildirilib. Bu isə insanlar tərəfindən birmənalı qarşılanmayıb. 

Mövzu ilə bağlı Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, qadın özü evini tərk edib:

“Çətin həyat şəraitində, küçədə yaşadığı qeyd olunan Sevil İbrahimovanın sosial xidmətə tələbatının qiymətləndirilməsi aparılıb. Vətəndaşın bacısının əməkdaşımıza verdiyi məlumata əsasən, S.İbrahimova narkotik vasitə aludəçisidir, evini və övladlarını da bu səbəbdən tərk edib”.

Qeyd edək ki, S.İbrahimovaya aidiyyəti üzrə dispanserə yerləşdirilməsi təklif olunub, lakin, o, təklifdən imtina edib.

Bənzər yazılar

0.13818717002869