Azərbaycanda viza prosesi sadələşdirilə və ya LƏĞV EDİLƏ BİLƏRMİ? 

 04-01-2023

Dekabr ayının əvvəllərində Kanadanın “Arton Capital” konsaltinq şirkəti 2022-ci il üzrə qlobal pasport reytinqini (Global Passport Power Rank 2022) açıqladı. Statistikaya əsasən, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) pasportu reytinq sıralamasında birinci pillədə qərarlaşır. Belə ki, Yaxın Şərq dövlətinin vətəndaşlarına yalnız dünyanın 18 ölkəsinə səfər etmək üçün viza lazımdır. Azərbaycan pasportu isə bu cədvəldə 62-ci yerdə dayanır. Respublikamızın vətəndaşları 80 ölkəyə vizasız səfər edə bilərlər. Sənəd sahibləri 34 ölkəyə viza almadan daxil ola bilirlər, daha 46 ölkədə isə onlara gəliş zamanı giriş icazəsi verilir.

Maraqlıdır, Azərbaycanda viza prosesi sadələşdirilə bilərmi? Sadələşdirmə standartları nədən ibarətdir? 

Mövzu barədə Milletinsesi.info-a danışan Milli Məclis deputatı Rüfət Quliyev qeyd edib ki, BƏƏ, Yaponiya, İsveçrə kimi ölkələrin pasportları ilə 100-dən yuxarı ölkəyə vizasız getmək mümkündür:

“Bizdə də bu istiqamətdə iş gedir. Hər il ən azı üç-beş ölkə ilə vizasız səyahətlə bağlı saziş imzalanır. Bu gün vizasız səfər istiqamətində ən yüksək pillədə xidməti pasportlar dayanır.  Azərbaycanın xidməti pasportlarını adi pasportlarla müqayisə etdikdə görürük ki, artıq onunla 60-70 ölkəyə vizasız getmək olur. Diplomatik pasportlar da işi rahatlaşdırır. Adi pasportda da vizasız xidməti artırmağa çalışırıq. Amma nəzərə almaq lazımdır ki, bizim burada milli və iqtisadi maraqlarımız var. Onları hesaba qataraq proses davam etdirilir. Düşünürəm ki, sürət ildən-ilə artacaq”.

Turizm üzrə ekspert Rəhman Quliyev bildirib ki, turizm mədəniyyətlə bir vəhdət təşkil edir. Bu baxımdan turist axını ölkələri bir-birinə daha da yaxınlaşdırır:

“Ölkənin tanınması üçün turizm əsas vasitələrdən biridir. Hesab edirəm ki, bu gün ölkələr arasında viza rejiminin sadələşdirilməsi, ümumiyyətlə, vizanın ləğv edilməsi turist mübadiləsinin sürətləndirilməsinə mühüm töhfə verər. Turistin çox olması isə iqtisadiyyatı canlandırar. Turizmin təhsil, sağlamlıq, işgüzar turizm kimi qolları var və hamısı ölkəyə müsbət təsir göstərir. Məsələn, Azərbaycana turist qismində bir koreyalı gəlir, əgər o ölkəni bəyənirsə, bir neçə il sonra investora çevrilir. Bu baxımdan biz turistə individual yanaşmalı və qayğı göstərməliyik”.

Ekspert hesab edir ki, Azərbaycana girişin sadələşdirilməsi zamanla daha da genişlənəcək:

“Azərbaycanın bütün dünyada artan nüfuzu ona gətirib çıxarır ki, bir çox ölkələr Azərbaycana diqqət göstərməyə başlayır. İndiyədək bəzi ölkələr siyasi proseslər səbəbi ilə Azərbaycana gediş-gəlişlə bağlı müəyyən çətinliklər yaradırdılar. Çünki viza prosesi qarşılıqlı anlaşma əsasında həyata keçirilir. Hər bir dövlətin burada maraqları olmalıdır. Ancaq artıq vəziyyət dəyişib. Fikrimcə, növbəti beş-on ildə Azərbaycan bəzi ölkələr istisna olmaqla dünyaya qapılarını açacaq. Biz öz təhlükəsizliyimizi tam qoruyandan sonra sadəcə bizə qarşı aqressiyası olan ölkələrə qapını bağlı saxlayacağıq.

Bu gün də Azərbaycana turistlər gəlir. Ancaq biz diqqətli olmalıyıq, çünki onların hamısı sağlam turist olmaya bilər. Gəlib burada təxribat törətmək, casusluq etmək kimi davranışları ola bilər. Digər bir məsələ isə səhhətləri ilə bağlı olan sağlamlıqdır. Məlumdur ki, pandemiya davam edir. Ona görə də ehtiyatlı davranmaq vacibdir. Bu gün koronavirusun Azərbaycanda minimuma enməsinə səbəblərdən biri də kütləvi olaraq qonşu ölkələrdən Azərbaycana axının qarşısı müəyyən qədər alınmasıdır. Hesab edirəm ki, gələcəkdə tam təhlükəsiz mövqedə olandan sonra müəyyən addımlar atacağıq. Ümumi olaraq Azərbaycan pasportu yaxın onillikdə dünyaya liderlik edən pasportlar sırasında olacaq”.

Sayad Həsənli

Bənzər yazılar

0.36155796051025