EKSPERİMENTLƏR, TESLA MARKASI, DRONLAR: Bakının yeganə İnteraktiv Elm Muzeyindən REPORTAJ + FOTO/VİDEO

 03-01-2023

Dünyada elm muzeyləri çox olsa da, onun real gücünü nümayiş etdirənlər barmaqla sayılacaq qədərdir. Bu gün sizi elmin nələrə qadir olduğunu şəxsən görə biləcəyiniz, təcrübə, sınaq keçirmək imkanı tanıyan bir məkanla, ölkədə fəaliyyət göstərən yeganə İnteraktiv Elm Muzeyi ilə tanış edəcəyəm. 

Bu muzeydə 150-dən çox müxtəlif eksponat sərgilənir ki, siz onların hər birinin çalışma mexanizmini öyrənə, eləcə də sınaqlarda şəxsən iştirak edə bilərsiniz.

Muzeyin təsisçisi mühəndis Elçin Abbasovdur. Buradakı eksponatları toplamağa 1998-ci ildən başlayıb. Muzey ilk dəfə Elçin Abbasovun öz evinin birinci mərtəbəsində yerləşib, lakin sonra liseylərdən birinin rəhbərliyi elmin tədrisində xüsusi rol oynadığını düşünərək muzey üçün otaq ayırıb. Daha bir filialı isə Azərbaycan Pedaqoji Universitetində yaradılıb və hər ikisi artıq üç ildir ki, aktiv şəkildə ziyarətçilərə xidmət göstərir.

İnteraktiv Elm Muzeyinə şagird və tələbələr kitabda oxuduqlarını real olaraq təcrübədə görə bilmək üçün gələ bilərlər. Elmin praktiki məkanı olan muzey adamı valeh edir. 

Muzey və eksponatlar barədə ətraflı məlumatı Milletinsesi.info-ın əməkdaşı ilə bölüşən mühəndis Elçin Abbasov deyir ki, muzeyi iki övladı üçün yaradıb:

“Uşaqlar fizika dərsini öyrənməkdə çətinlik çəkirdilər. Onların nəzəri biliklərini təkmilləşdirmək üçün münbit şəraitə ehtiyac var idi. Bu səbəbdən də bir neçə eksponat hazırlayaraq onlara oxuduqlarının nə demək olduğunu, necə göründüyünü, hansı şəkildə fəaliyyət göstərdiyini izah etməyə çalışdım. Beləcə, artıq bu günədək 300-dən çox eksponat hazırlamışam”.

Muzeydə müxtəlif formatlı və fərqli illərə aid fotoaparatlar, elektron hesablama maşınları, sənaye inqilabı yaradan buxar mühərriklərindən tutmuş daxili yanma mühərrikinə kimi tarixi inkişafı, elektromaqnetizmdən Tesla makarasına (transformatoruna) gedən yol, maddənin spektral şüalanması, səs dalğaları, printerin iş prinsipi, aerodinamika qanunlarını əks etdirən cihazlar, dron, helikopter mühərrikləri və s. var.

Kitablarda uşaqlar üçün çox qəliz görünən və əksər vaxtlarda qaranlıq qalan məqamları daha rahat başa düşə bilmələri üçün sadə və interaktiv təcrübə eksponatları mövcuddur.

Burada kosmosda istifadə edilən ion mühərriki var ki, Elçin bəyin sözlərinə görə, bu, Tesla makarasıdır:

“Öz ətrafında böyük elektromaqnit dalğaları yaradır ki, bu da məsafədən işığın yanmasına səbəb olur. Eyni zamanda, burada gördüyünüz təzyiqi azaldan qurğu vasitəsilə şarın ətrafındakı təzyiqi sıfıra endirməklə onun daxili təzyiqi hesabına şişməsinə şərait yaradır.

(Vakum şəraitində şarın daxili təzyiq hesabına şişmə prosesi)

Bu qurğunun içərisinə qoyulan soyuq su təzyiqin azalması səbəbindən qaynayır. Bu, əslində, balıqların suda necə nəfəs aldıqlarını göstərmək üçün aparılan bir prosesdir. Məktəblilər bu eksperimenti çox sevirlər”.

Elçin müəllim “Bizim Cəbiş müəllim” filmində elmi məqamları əks etdirən səhnələrlə bağlı eksperimentlər apardığını deyir:

“Yadınızdadırsa, Cəbiş müəllim filmdə əlifdən sabun bişirir. Mən isə bunu zeytundan hazırlamışam. Bundan başqa, filmdə Cəbiş müəllim əlini radionun dalğavericisinə tutaraq səsin gəldiyini göstərir. Bir qrup şəxs bunun elmi cəhətdən mümkün olmayacağını deyirdilər, lakin biz təcrübə apararaq bunun mümkünlüyünü sübut etdik”.

(Video)

Bunu biz özümüz də sınaqdan keçiririk: naqilləri əllərimizdə saxlayıb qulağımızı izolyasiya edilmiş digər naqilə yaxınlaşdırır və radioda səslənən musiqini eşidirik.

(video)

Siz heç səsi görmüsünüzmü? Bu muzeydə səsinizin vizual olaraq necə göründüyünün şahidi ola bilərsiniz.

(Səs dalğalarının vizual görünüşü)

Elçin Abbasov muzeydəki eksponatların hər birini bizə göstərir, haqqında məlumat verir. Bununla yanaşı, suallarımıza cavab verməyi də unutmur.

Maraqlı muzeyin təsisçisi deyir ki, ən böyük problem eksponatları rahat şəkildə sərgiləyə biləcəkləri məkanın olmamasıdır:

“Mənim hazırda bu muzeydə 150 eksponatım sərgilənir. Lakin yer məhdud olduğundan bir vitrin üzərinə bir neçə eksponat qoymuşam. Üstəlik, eksponatlar haqqında məlumat lövhələrini qoymaq üçün yer yoxdur”.

- Bəs məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət etmədinizmi?

Nazirlikdən, sadəcə, liseylərdən birinə zəng etdilər ki, mənə yer ilə bağlı köməklik göstərsinlər. O verilən yer buradır, yenə də şikayətçi deyiləm. Sadəcə olaraq, daha geniş bir məkan olsa, ziyarətçilər də rahat formada gəlib baxa bilərlər. Turistlər bir neçə dəfə buranı ziyarət ediblər, onlar üçün də çox maraqlıdır. Bu, əslində, yaxşı bir layihədir, sadəcə, dəstək olmaq lazımdır.

(Hidrogen ilə çalışan avtomobillər)

Muzeyi ziyarət etmək üçün iticket.az səhifəsindən bilet alınmalıdır. Muzeyə giriş 15 manatdır. Eksponatların hər birini özüm düzəldirəm, onların hazırlanması üçün gərəkli avadanlıqları özüm alıram. Düşünürəm ki, muzeyi ziyarət etmək üçün təyin edilən məbləğ normaldır”.

Muzeydə güzgüsüz FK fotokamerası var ki, bu da gələnlərin çox diqqətini çəkir. Bu aparatdan baxdıqda siz özünüzü tərs görürsünüz, lakin foto adi qaydada çıxır.

Siz heç fotoaparatla çəkilən fotoların yaranma prosesini bilirdiniz?

Elçin Abbasov maraqlı eksperiment aparır. Gümüş nitratı götürüb düz bir əşyanın (şüşə, güzgü və s.) üzərinə çəkir. Onun da üzərinə E hərfi şəklində kağız qoyur və güclü işıq verir. Bir neçə dəqiqə sonra kağızı götürür. Bütün hər yer qaranlıq qalır, bir E hərfi görünür. Buna səbəb isə gümüş nitratdan gümüşün ayrılmasıdır. Fotoşəkilin yaranma prosesi bundan ibarətdir.

Burada siz rəngləri və rənglərin cəmindən əmələ gələn başqa rəngləri də görə bilərsiniz.

Elçin Abbasov həm də ölkədə yaradılan ilk dronlardan birinin müəllifidir. O həm də helikopter hazırlayıb.

Muzeydə yaddaşlı məftilləri şəxsən eksperiment edə bilərsiniz.

Muzeydə onun öz hazırladığı eksponatlarla yanaşı, səyahətləri zamanı əldə etdiyi təbii daşlar, muzeyə hədiyyə edilən bir çox əşyalar da sərgilənir. Bu məkanı sözlərlə təsvir etmək qeyri-mümkündür, hər bir oxucumuza bu sirli aləmə səyahət etməyi və digər eksponatlarla yaxından tanış olmağı tövsiyə edirik.

 

Daha çox foto burada: PhotoStock.az

Könül Cəfərli

Bənzər yazılar

0.217933177948