Səmayə Həşimova: “Azərbaycan əsgərləri bizim qartalımız, canavarlarımızdır”

 02-01-2023

“Azərbaycan əsgərləri bizim qartalımız, canavarlarımızdır. Onlar heç vaxt əyilməzlər”. 

Milletinsesi.info xəbər verir ki, bunu Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova oğlunun 48-ci doğum günündə yaşadığı evin qarşısında şəhidlərin xatirəsinə həsr edilən ağacəkmə mərasimində deyib. 

O bildirib ki, igid şəhid balalarımız, qardaşlarımız sayəsində xalqımızın başı dikdir: 

“Şəhidlərimiz 30 il əyilən başları dikəltdilər. Sağ olsun şəhidləri yetişdirən ana və atalar. Mən onların hər biri ilə fəxr edirəm. Bu gün şəhidlərin ruhunu yad edərək bizi tək qoymadılar”. 

Regionlardan şəhid valideynləri Sumqayıtda şəhid Polad Həşimovun yaşadığı evin qarşısına gələrək, general-mayorun əziz xatirəsini yad ediblər. Eyni zamanda, P.Həşimovun yaşadığı evin ətrafında Ağcabədidən gətirilən 100 ədəd ağac və gül əkilib.

Sumqayıtdan olan digər şəhidlərin də yaşadıqları evlərin ətrafında, Sumqayıt Şəhidlər xiyabanında ağacəkmə aksiyası keçirilib. Ümumilikdə Sumqayıtda bir neçə belə tədbir həyata keçirilib və 300-ə yaxın ağac, gül əkilib.

Qeyd edək ki, 14 metrlik bayraqla şəhid general-mayor P.Həşimovun yaşadığı binanın qarşısında şəhidlərin xatirəsinə yürüş də keçirilib.

Bənzər yazılar

0.24565720558167