Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.
P.Həşimovun xatirəsi 48-ci doğum günündə anası Səmayə Həşimova ilə birlikdə xalqımız tərəfindən İkinci Şəhidlər xiyabanında, məzarı qarşısında ehtiramla anılıb.
Mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri, ictimaiyyət nümayəndələri də iştirak ediblər.
Polad Həşimov başda olmaqla bütün şəhidlərin ruhuna dualar oxunub.
Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova İkinci Şəhidlər xiyabanında oğlunun 48-ci doğum günü münasibətilə təşkil edilən mərasim zamanı deyib ki, bu gün Polad Həşimovun ad günüdür. Oğlum yaşasaydı 48 yaşı olacaqdı.
O bildirib ki, şəhid anaları bu gün Poladın xatirəsini yad edirlər: “Bütün şəhidlərimizin ruhları şad olsun, məkanları cənnət olsun. Şəhid anaları Qarabağımızı azad edən igid oğulları yetişdiriblər. Bir daha belə itkilərimiz olmasın. Allah şəhidlərin xatirəsini ehtiramla yad edən, unutmayan hər kəsdən razı olsun. Azərbaycan əsgərləri bizim qartalımız, canavarlarımızdır. Onlar heç vaxt əyilməzlər”.
Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova bildirib ki, igid şəhid balalarımız, qardaşlarımız sayəsində xalqımızın başı dikdir:
“Şəhidlərimiz 30 il əyilən başları dikəltdilər. Sağ olsun şəhidləri yetişdirən ana və atalar. Mən onların hər biri ilə fəxr edirəm. Bu gün şəhidlərin ruhunu yad edərək bizi tək qoymadılar”.
Regionlardan şəhid valideynləri Sumqayıtda şəhid Polad Həşimovun yaşadığı evin qarşısına gələrək, general-mayorun əziz xatirəsini yad ediblər. Eyni zamanda, P.Həşimovun yaşadığı evin ətrafında Ağcabədidən gətirilən 100 ədəd ağac və gül əkilib.
Sumqayıtdan olan digər şəhidlərin də yaşadıqları evlərin ətrafında, Sumqayıt Şəhidlər xiyabanında ağacəkmə aksiyası keçirilib. Ümumilikdə Sumqayıtda bir neçə belə tədbir həyata keçirilib və 300-ə yaxın ağac, gül əkilib.
14 metrlik bayraqla şəhid general-mayor P.Həşimovun yaşadığı binanın qarşısında şəhidlərin xatirəsinə yürüş də keçirilib.
Qeyd edək ki, P.Həşimov 1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub. O, 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. Onun şəhid olması xəbərini ictimaiyyətə müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev dərin hüznlə çatdırıb. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də İkinci Şəhidlər xiyabanında, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.
Prezident İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası ilə telefonla danışıb və şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.
2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.