Prezident İlham Əliyev: “Ölkələrimizin nəqliyyat-logistika sahəsində böyük potensialı var”

 21-12-2022

“Azərbaycan və Serbiyanın gözəl strateji tərəfdaşlıq münasibətlərindən və eyni zamanda, şəxsi dostluq münasibətlərimizdən istifadə edərək, əlbəttə, biz ümid edirik ki, bütün sahələrdə, ilk növbədə, ticarət sahəsində bunun nəticəsi olacaq”.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşdən sonra mətbuata bəyanatında bildirib.

Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, əldə edilmiş razılaşmaların icrası nəticəsində hələlik istənilən səviyyədə olmayan ticarət dövriyyəsi artacaq. 

“Nəqliyyat-logistika sahəsində böyük potensial var. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün bizim müvafiq qurumlar fəal işləməlidir. Aidiyyəti qurumlar arasında təmaslar artıq yaranıbdır.

“Prezident Vuçiçin uzaqgörən siyasəti nəticəsində Serbiya şəhərsalma sahəsində, eyni zamanda, iqtisadi və sənaye inkişafı, kənd təsərrüfatı sahələrində hərtərəfli inkişaf edir. Bu bizim gələcək əməkdaşlığımız üçün yeni imkanlar yaradır. Çünki həm Serbiya, həm Azərbaycan öz resurslarına arxalanan ölkələrdir, müstəqil siyasət aparan və bir-biri ilə sıx əlaqədə olan ölkələrdir", - deyə Azərbaycan Prezidenti qeyd edib.

Prezident Vuçiçin dəvəti ilə bir ay əvvəl Serbiyada rəsmi səfərdə olduğunu qeyd edən və səfər təəssüratlarını bölüşən dövlətimizin başçısı deyib: 

“Şadam ki, əziz dostum mənim dəvətimi qəbul edib və bir ay keçmədən Bakıya səfər edib. Bu onu göstərir ki, əlaqələrimizin dinamikası doğrudan da çox müsbətdir. Biz keçən ay Belqradda qəbul etdiyimiz qərarların tezliklə yerinə yetirilməsini arzulayırıq. Nəinki arzulayırıq və eyni zamanda, hökumət üzvlərinə bu qərarların icra edilməsi ilə əlaqədar müvafiq göstərişlər verildi. Bilirəm ki, bu ay ərzində bizim müvafiq strukturların rəhbərləri bir-biri ilə təmasda olmuşlar və bu gün bu təmaslar davam edir. Bir sözlə, biz istəyirik ki, bundan sonra da ikitərəfli əlaqələr sürətlə inkişaf etsin və qəbul edilmiş qərarlar vaxt itirmədən icra olunsun.

Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanıb. Biz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq.

Biz beynəlxalq hüququn tərəfdarıyıq və əminik ki, ölkələr arasında münasibətlər ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənə bilər. Bu sahədə dünyada müşahidə olunan ikili standartların təzahürləri, əlbəttə ki, bizi çox narahat edir. Beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır.

Energetika sektoru əməkdaşlığımızın bir hissəsidir. Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə ixrac edilir”, - deyə dövlətimizin başçısı vurğulayıb

Dövlətimizin başçısı qeyd edib ki, həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılıb: “Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əminəm ki, əməli addımlar atılacaqdır.

Dörd gün bundan əvvəl Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanıb. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək”, - deyə Prezident İlham Əliyev bildirib

Dövlətimizin başçısı deyib: “Bütün bunlar yeni imkanlar, yeni üfüqlər açır və biz bu sahədə, əlbəttə ki, ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq edəcəyik”.

Serbiyada səfərdə olarkən müdafiə sənayesi sahəsi ilə bağlı da müvafiq göstərişlər verdiyini diqqətə çatdıran Azərbaycan Prezidenti vurğulayıb ki, bu sahədə də hər iki ölkənin potensialı var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması gözlənilir.

“İkitərəfli əlaqələrə bir daha nəzər salarkən görürük ki, bütün sahələrdə bu əlaqələr dostluq və qarşılıqlı anlaşma üzərində qurulub. Əminəm ki, biz gələn ili də bu ab-hava şəraitində keçirəcəyik. Çünki bu il ikitərəfli əlaqələrimiz üçün çox uğurlu olub.

Həm qarşılıqlı iki səfər, eyni zamanda, bizim nümayəndə heyətlərinin üzvlərinin təmasları və bütövlükdə Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar. Buna görə də biz çox şadıq və əziz dostum Prezident Vuçiçə də bu dostluğa görə təşəkkürümü bildirirəm”, - deyə dövlətimizin başçısı qeyd edib.

Bənzər yazılar

0.20282816886902