“Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təmin edilməsi məqsədilə respublikada fəaliyyət göstərən məktəb və məktəbəqədər müəssisələrdə uşaqların səyyar dispanserizasiyası həyata keçirilir.
Modern.az mövzu ilə bağlı araşdırma edib.
Belə ki, adı səyyar olsa da, şagirdlər müayinədən keçmək üçün poliklinikalara yönəldilirlər. Burada isə uşağın bədən çəkisi, boyu, arterial çəkisi ölçülməli, görmə qabiliyyəti müəyyənləşdirilməli, qanın ümumi analizi aparılmalı, bağırsaqlarda fermentlər, yəni qurdların olub-olmadığı yoxlanılmalıdır. Ehtiyac olarsa, uşağın flüoqrafik müayinəsi də aparıla bilər.
Elə bunları aydınlaşdırmaq üçün şagirdlərə sağlamlıq haqqında məlumatların yazılması üçün boş blank verilir. Onlar həmin blanklarla qeydiyyatda olduqları ərazi üzrə poliklinikalara müraciət edərək, orada müayinədən keçməlidirlər. Bu kağız parçasının, orada yazılanların da formal xarakter daşıdığını həkimlər də bilirlər, məktəb rəsmiləri də, şagirdlərin valideynləri də. Di gəl ki, statistika xatirinə tələb edilən bu sənəd tam qaydasında olmalıdır.
Bir çox hallarda bütün həkimlər eyni vaxtda işdə olmadıqlarından, valideynlər də, uşaqlar da get-gələ düşürlər. Müayinələr isə blankı doldurmaq xatirinə, candərdi həyata keçirilir. Səbəb çox sadədir:
“Niyə vaxt itirirsiniz, 20 manat verin, sənədi hazırlayaq”.
Bəli, Bakı poliklinikalarında uşağın “sağlam” olduğu haqda arayış üçün bu məbləğ tələb edilir.
Ölkə üzrə icbari tibbi sığorta tətbiq edilsə də, əliəyriliyə öyrəşmiş bəzi tibb işçiləri “peşə”lərindən əl çəkmirlər.
Müraciət etdiyimiz rəsmilər isə bizdən fakt istəyirlər… Bakıdakı bütün poliklinikaları sizə fakt olaraq göstərə bilərik.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova sorğuya cavab olaraq bildirib ki, uşaqların icbari dispanzerizayası məktəblərdə aparılır:
“Valideynin uşağı poliklinikaya aparmasına ehtiyac yoxdur. Bu məsələ ilə bağlı fakt varsa, araşdırma aparıla bilər”.
Tibb elmləri doktoru, professor Nəsib Quliyev məsələ ilə bağlı bildirib ki, uşaqların sağlamlığına nəzarət etmək üçün ən yaxşı vasitə onların vaxtaşırı müayinə olunmasıdır:
“İldə bir dəfədən az olmayaraq uşaqlar ümumi müayinə olunmalıdırlar. 2013-cü ilin aprelində qanun qəbul edildi ki, uşaqların icbari dispanserizasiyası olmalıdır. Qanun da qüvvədədir, yerinə yetirilməlidir, ancaq qanuna nə dərəcədə riayət olunduğunu deyə bilmərəm. Uşaqlar millətin gələcəyidir, onların sağlamlığı nə qədər möhkəm, nə qədər nəzarət altında olarsa, bizim gələcəyimiz də daha möhkəm olar. Məsələ valideynin uşağı yoxlanışa aparmamağı ilə bitmir. Dövlət qanun qəbul edib, o da icra olunmalıdır. Qanunu valideyn yox, Səhiyyə Nazirliyi, TƏBİB icra etməlidir. Valideyn bu qanunun mahiyyətini bilsəydi, onda bu dövlətin səhiyyə strukturu nəyə lazım idi?”