Hüquq müdafiəçisindən Prezidentə müraciət: Sahil Babayev qazilərin problemlərinə biganə yanaşır

 19-12-2022

Sahil Babayev qazilərin problemlərinə biganə yanaşır

Hüquq müdafiəçisi, Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzinin sədri Lətafət Məlikova Qarabağ qazisi Bahadur Səftərovla bağlı ölkə başçısı İlham Əliyevə müraciət edib.

Bu barədə “Aqrument.az”a Lətafət Məlikova danışıb.



O deyir ki, Qarabağ qazisi səhhətində ciddi problemlər olsa da, sürüdürməçiliyə məruz qalıb, o üzdən də əlillik ala bilmir:

“Cənab İlham Əliyev, mən bir müharibə veteranının səsini sizə çatdırıram. Ona görə də əmək və əhalinin müdafiəsi naziri Sahil Babayevin rəhbərlik etdiyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyətini nəzərdən keçirməyinizi xahiş edirəm.

Bahadur Əliqənbər oğlu Səftərov dəfələrlə müraciət etsə də, ona ömürlük təyin edilmiş təqaüd may ayından kəsilib, müayinələrə göndərilib, sənədlər agentliyin elektron sisteminə vurulub, lakin agentliyin Vüsal adlı həkimi (lor) tərəfindən onun işi bilərəkdən ləngidilib və əlilliyi təyin olunmayıb”.


Bahadur Səftərov Şamaxı şəhəri, N. Nərimanova keçəsi, ev 110 ünvanında yaşayır.

Lətafət Məlikova məsələ ilə maraqlandıqdan sonra özü də həkimlə görüşdüyünü deyir:

“Oktyabrın 4-də Bahadur Səftərovla birlikdə şikayətlə əlaqədar Vüsal həkimlə görüşdük. Sənədlər ona təqdim edildi. Həkim dedi ki, bu sənədlər boş bir şeydir. İstəsəm, əllik təyin etmərəm. Ona izah etdim ki, əlillik təyinatı istəklə deyil, xəstəliyinin dərəcələri ilə müəyyən olunur.

Təyin olunmasa məhkəməyə müraciət ediləcək. Bizi 306 saylı otağa dəvət etdi. Bahadur bəy tam eşitmədiyi üçün onu müşayət edirdim. Həkim orada calışan işçini harasa göndərdi. Xanım gəlib məlumat verdi ki, əlilik 15 avqustdan təyin olunub, Dövlət Sosial Müdafiə Fondunun Şamaxı Rayon Şöbəsi ilə əlaqə saxlayın. Tezliklə təqaüd veriləcək. Amma təəssüf ki, təqaüd verilmədi. Vüsal həkim bizə yalan məlumat verdi. Bununla da, özünün dediyi kimi “istəmədiyi” sənədləri – dövlət müəsisəsinin qanuni analizlərini heçə saydı”.

“Noyabrın əvvəlində əlillik təqüdünün gecikməsi ilə əlaqədar nazirliyin nəzdindəki İctmai Şuraya müraciət olundu. Təəssüf ki, bunun da heç bir nəticəsi olmadı. Sənədlər ekspertə göstərilib. Yekun rəy odur ki, Səftərov Bahadur Əliqənbər oğluna 100% əlilik təyin olunmalıdır. Hətta təyin olunmaması bir cinayətdir. Təəssüf ki, üstündən 10 ay keçməsinə baxmayaraq, sənədlər tam qaydasında olsa da, bilərəkdən iş yubadılır. Halbuki mövcüd xəstəliklə müraciət edənlərə 3-cü dərəcəli təqaüd təyin olunub”, – deyə Lətafət Məlikova bildirib.

Hüquq müdafiəçisi ölkə başçısından xahiş edir ki, müharibə veteranının haqlı şikayətini əlaqədar qurumlara müvafiq göstəriş verilsin və bu işə məsuliyyətsiz yanaşanlar cəzalandırılsın: “Anlamıram ki, 10 ay müddətində nəyi araşdırırlar? Adam eşitmir. Ekspertlər də təsdiq ediblər”.

Məsələ bir neçə gündür ki, ictimailəşib, ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər hansı bir rəsmi münasibət bildirməyib.

Mənbə Aqrument.az

Bənzər yazılar

0.25619292259216