Samir Sadıxov: “Luis Hamiltonun maşınını yoxlamaq həyatımın ən unudulmaz anı idi”

 13-12-2022

“Ölkəmizdə keçirilən yarışda ilk dəfə texniki təftiş marşalı olaraq Luis Hamiltonun maşınını yoxlamaq həyatımın ən unudulmaz anlarından biri kimi yaddaşımda qalacaq”.

Bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin saytına müsahibəsində məşhur avtomobil dizayneri Samir Sadıxov “Formula-1” Azərbaycan Qran-prisindəki fəaliyyətindən bəhs edərkən deyib. Müsahibəni təqdim edirik:

- Samir Sadıxov kimdir?  

- Gəncədə dünyaya gələn, hazırda həyatını Almaniyada davam etdirən, konseptual avtomobil sənayesi sahəsində dizayner olaraq çalışan biri. Avtomobillərə uşaqlıqdan ciddi marağım var. Elə buna görə də “Instituto Europeo di Design”da öyrəndiklərimi tətbiq etmək üçün “Ferrari World Design” yarışmasına qoşuldum. 2011-ci ildə keçirilən müsabiqədə dizayn ideyasında küləkdən ilhamlandığım “Xəzri” adlı konsept ilə ikinci yerə layiq görüldüm. Hazırda fəaliyyətimi avtomobil sahəsində bir çox şirkətlə əməkdaşlıq edərək, layihələr hazırlayaraq davam etdirirəm. 

- Sizi işinizdə daha çox kim və yaxud nə ilhamlandırır?

- Ən çox ilham aldığım şəxslər işində uğur qazanmaq üçün çox çalışan, intizamlı və etik dəyərlərə önəm verənlərdir. Özümü bu məsələdə çox şanslı hesab edirəm. Çünki ətrafımda məhz bu cür insanlar var. Onlara baxdıqca, keyfiyyətli işlərini gördükcə, uğurlarına şahid olduqca ilhamlanıram və daha çox işləmək istəyirəm. Əlbəttə, mən də ətrafımdakılara ilham vermək üçün davamlı olaraq öz üzərimdə çalışıram. 

- Hər il könüllü olaraq texniki təftiş marşalı vəzifəsində Azərbaycan Qran-prisinə qatılırsınız. Marşal olmaq sizə nə qazandırır?
 
- Texniki təftiş marşalı olmaq yeni bir təcrübə idi. Burada olduğum müddətdə yeni dostlar, yeni çalışqan həmyerli yoldaşlar qazandım. Vətənindən uzaqda yaşayan biri olaraq həmyerlilərimlə işləmək mənim üçün çox dəyərlidir. İşini sevən, hər zaman məsuliyyətlə yanaşan insanlarla bir mühitdə çalışmaq karyerama da müsbət təsir edir. Avtomobil və avtoidman sahəsində tətbiq olunan yenilikləri yaxından izləmək, işinin peşəkarları ilə təcrübə mübadiləsi apararaq, yeni nələrsə öyrənmək mənim üçün hər zaman bir uğurdur.

- Texniki təftiş marşalı olmaq gördüyünüz işdə sizə kömək olur?
 
- “F-1” maşınlarının texniki üstünlükləri və sirləri məni hər zaman təəccübləndirirdi. Dünyanın ən sürətli maşınlarının yarışa hazırlanması prosesi ilə çox maraqlanırdım. Texniki təftiş marşalı olduqdan sonra həmin bolidlər ilə yaxından tanış olmaq, analiz etmək şansım oldu və burada öyrəndiklərim bir dizayner kimi mənim işimə də öz töhfəsini verdi, inkişafımda rol oynadı. Öyrəndiklərimi işimdə tətbiq etməyim öyrənmə istəyimi daha da artırır. 

- Formula-1 təcrübənizdə ən yaddaqalan xatirənizi paylaşardınız.

- Ölkəmizdə keçirilən yarışda ilk dəfə texniki təftiş marşalı olaraq Luis Hamiltonun maşınını yoxlamaq həyatımın ən unudulmaz anlarından biri kimi yaddaşımda qalacaq. Onu da demək istərdim ki, ən sevdiyim idman növünün, “Formula-1” yarışlarının vətənimdə - Azərbaycanda keçirilməsi məni xüsusi qürurlandırır. Fəxr hissi ilə bildirirəm ki, paytaxtımızın ev sahibliyi etdiyi bu tədbirdə ildən-ilə izləyici sayı da artır və avtoidman auditoriyası həm tətbiq olunan ən son yeniliklərlə, həm də Bakı şəhərinin müasir və tarixi ənənəsi ilə yaxından tanış ola bilir.  
 
- Sizcə, yaxın gələcəyin avtomobilləri dizayn cəhətdən nələri vəd edir?
 
- Ümid edirəm ki, gələcək avtomobillər təbiətə zərər verməyən, məqsədəuyğun şəkildə istehsal ediləcək. Avtomobillərin sayının ildən-ilə artması artıq bunu zəruri hala gətirib. Reklamdan uzaq, əksinə, insanların ehtiyaclarına cavab verən avtomobillərin çox olması gündəlik həyatda rahatlığı təmin edir.  Dizayn cəhətdən isə yollarda daha minimalist və lazımsız estetik naxışlardan uzaq, zövqlü dizaynlı avtomobilləri görmək istərdim. 

- Bilirik ki, bu yaxınlarda Los-Ancelesdə müəllifi olduğunuz “Genesis X Convertible” avtomobilinin təqdimatı baş tutub. Bu barədə fikirlərinizi bölüşərdiniz.

- Hazırda üzərində çalışdığım layihə “Genesis” brendi ilə bağlıdır. Uzun zamandır, “X” konsept adlı layihə üzərində işlər icra edirdim. Layihənin iki modeli artıq hazırlanıb, buraya “X coupe” və “Speedium Coupe” modelləri aiddir.

Onları təqdim etdikdən sonra dizayn direktorumuz modelin üstüaçıq versiyasını hazırlamağımı istədi. Bununla da iyul, avqust aylarını yeni dizayn üzərində işlər həyata keçirmək üçün sərf etdim. Rekord dərəcədə qısa zamanda avtomobili dizayn edib, prototipini hazırladıq. Qərara gəldik ki, Los-Anceles bu layihəni təqdim etmək üçün ideal şəhərdir – görkəmli, maraqlı, cəlbedici. Məhz buna görə noyabrda baş tutan LA avto sərgisində dizayn müəllifi olduğum avtomobilin təqdimatı həyata keçirildi. Nəticədən son dərəcədə məmnunuq. Ümid edirəm ki, onu bir gün öz yollarımızda görərəm. 
 
- Sonda marşal olmaq istəyənlərə çağırışınız?
 
- Marşal olaraq Bakı Şəhər Halqasında baş verənlərə bu qədər yaxın olmaq inanılmaz bir duyğudur. Dünyaca məşhur yarışın bu qədər mürəkkəb idman növü olduğunu bir izləyici olaraq təsəvvür edə bilməzdim. Təbii ki, bir dizayner kimi bolidlərin və komandaların necə çalışdıqlarını görmək, sadəcə, marşal olaraq mümkündür. 

Həmçinin, Beynəlxalq Avtomobil Federasiyası (FIA) kimi mötəbər qurumun təşkil etdiyi “Formula 1” yarışını peşəkarcasına idarə edən nümayəndələrin arasında həmyerlilərimizin olması çox sevindiricidir. Bu möhtəşəm təcrübəni yaşamaq istəyən hər kəsi Bakı Marşal Klubuna qoşulmağa və ən sürətli yarışlardan olan Azərbaycan Qran-prisinin bir hissəsi olmağa səsləyirəm. 

Bənzər yazılar

0.29516100883484