Azərbaycanın Rusiya sülhməramlılarının olduğu ərazilərdə monitorinqi növbəti dəfə BAŞ TUTMAYIB

 11-12-2022

Azərbaycanın Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı ilkin monitorinqi növbəti təxribat nəticəsində baş tutmayıb.

AZƏRTAC xəbər verir ki, İqtisadiyyat Nazirliyinin nümayəndəsi Məsim Məmmədov jurnalistlərə açıqlamasında bununla bağlı bildirib: “Biz həmin yerdə bir qrup aqressiv gəncin yığıldığını gördük. Onlar bizim həmin obyektlərə, yataqlara girişimizə mane oldular. Hesab edirik ki, bu, əvvəlcədən təşkil olunmuş təxribat idi. Həmin təxribatın arxasında oraya gəlmiş Vitali Balasanyan və özünü qondarma rejimin nümayəndəsi kimi təqdim edən Ruben Vardanyan dayanırdılar.

Əvvəlki müzakirələr nəticəsində səfərimizin təşkil edilməsi ilə bağlı verdikləri sözlərə baxmayaraq, Rusiya sülhməramlı qüvvələri tərəfindən normal fəaliyyətimiz üçün şərait yaradılmamışdı”.

Məsim Məmmədov qeyd edib ki, onların getdikləri ikinci obyektin giriş qapısında da böyük bir kütlə toplaşmışdı. “Biz baxanda gördük ki, eyni şəxslər həmin obyektlərdən başqa, bizim hərəkət etdiyimiz istiqamətdə də yolu kəsmişdilər. Rusiya sülhməramlı qüvvələrin nümayəndələri, rəhbərlik, komandanlıq onlarla danışıq aparmalarına baxmayaraq, nəticə əldə edilmədi. Hesab edirik ki, bu, iki tərəflin təşkil etdiyi təxribatdır”, - deyə o vurğulayıb.

Qeyd edək ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi.

 

Bənzər yazılar

0.15534996986389