Şəhidin həyat yoldaşına qarşı 120 minlik dələduzluq edən sayt rəhbəri ilə bağlı QƏRAR

 30-11-2022

Bakı Apellyasiya Məhkəməsində vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən Fərid Abdinovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zəki Babayevin sədrlik etdiyi prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Abdinov yeddi il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Fərid Abdinov etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirib, zərərçəkmiş şəxslərə qanunla müəyyən olunan müxtəlif miqdarlarda, o cümlədən külli miqdarda ziyan vurmaqla dələduzluq edib.

Belə ki, ittiham aktına əsasən, təqsirləndirilən şəxs zərərçəkmiş Vahid Əkbərovun (ad, soyadı şərti) qızının işlədiyi Lerik rayonu, Güldəsər kənd orta məktəbindən çıxarılaraq köçürmə yolu ilə Bakı şəhərində yerləşən tam orta məktəblərin birinə müəllim vəzifəsinə təyin etdirmək üçün ondan 3 000 manat pul alıb.

Bundan başqa, Fərid Abdinov zərərçəkmiş Qasım Qasımova (ad, soyadı şərti) Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa edilən sosial mənzilin ayrılmasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, “Boranı” restoranında onun 18 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Həmçinin o, zərərçəkmiş qismində tanınan, Vətən müharibəsi şəhidinin həyat yoldaşı Akifə Fərhadovadan (ad, soyadı şərti) tekstil mallarının alqı-satqısı ilə bağlı 103 000 manat, B.Nəbizadədən onun arvadı G.Əkbərovanı “Palmali” şirkətində yüksək əməkhaqqısı olan vəzifəyə təyin etdirmək üçün 3 000 manat, digər zərərçəkmişdən Bakı şəhəri ərazisində yeni mənzil almaq 39 200 manat pulu dələduzluq yolu ilə mənimsəyib.

Fərid Abdinov məhkəmə baxışı zamanı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.

O, ifadəsində bildirib ki, “Azerses.az” firmasının təsisçisi və sahibi olub, özü jurnalistka fəaliyyəti ilə məşğul olub. Həmçinin deyib ki, fiziki şəxs kimi vergi ödəyicisi olub və xüsusi möhürü var: “Lakin kirayə yaşadığım sonuncu mənzildən köçərkən möhürüm itib”.

Fərid Abdinov şəhidin həyat yoldaşından pul aldığını təsdiqləyib. O, həmin pulu borc aldığını söyləyib.

Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Akifə Fərhadova bildirib ki, həyat yoldaşı 2020-ci oktyabr ayının 12-də şəhid olub. Əri şəhid olmazdan əvvəl işləyib ailəsi üçün yığdığı pullar, şəhid olduqdan sonra dövlət tərəfindən verilən vəsait və digər ianələr evdə olub. Fərid Abdinov özünü qadına şəhid ailələrinə kömək edən şəxs, hüquqşünas və jurnalist kimi təqdim edib. O, təqsirləndirilən şəxsə inanaraq şəhidin yadigarı olan üç azyaşlı uşağının gələcəyinə yatırım etmək üçün aldanaraq həmin pulları Fəridə verib.

Belə ki, Akifə Fərhadova təqsirləndirilən şəxsi təxminən 2021-ci ilin aprel ayında tanıyıb. İlk dəfə hüquqşünas kimi tanıdığı və şəhid ailələrinə hüquqi yardım göstərəcəyi ümidi ilə müraciət etdiyi təqsirləndirilən şəxs onunla tanış olduqdan sonra özünü həm də uğurlu iş adamı kimi təqdim edib. Biznes şərikləri olduğunu, Ukrayna və Türkiyədə tekstil şirkətlərində iş quracağını bildirib. Qadın da Fəridə inanıb ona ümumilikdə 103 000 manat pul verib.

Zərərçəkmiş şəxs ifadəsinin yekununda göstərib ki, təqsirləndirilən şəxs, əslində, onun 103 000 manat pulunu deyil, ümumilikdə 120 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib, həmin puldan əldə olunan mənfəətlə birlikdə 160 000 manat pul qaytaracağını vəd edib. Lakin o, qadına cəmi 8 500 manat pul qaytarıb. Ona görə də Akifə Fərhadova Fəridə qarşı 120 000 manat pul tələbinə dair mülki iddia qaldıracağını söyləyib.

Bənzər yazılar

0.47972297668457