FHN ləğv edilə, səlahiyyətləri DİN-ə VERİLƏ BİLƏRMİ?

 26-11-2022

Ermənistan hökuməti cümə axşamı keçirilən iclasında Fövqəladə Hallar Nazirliyinin ləğvi və Daxili İşlər Nazirliyinin yaradılması layihəsini qəbul edib. 
 
Erməni KİV-nin yazdığına görə, bundan sonra DİN üç strukturdan ibarət olacaq: polis, xilasetmə və miqrasiya xidmətləri. FHN-nin ləğvi prosesi dörd ay çəkəcək. 

Azərbaycanda da Fövqəladə Hallar Nazirliyi (FHN) barədə anolojji addımın atılması mümkündürmü? 

Hüquqşünas Ələsgər Əhmədoğlu Qaynarinfo-ya açıqlamasında bildirib ki, Azərbaycanda da FHN ləğv olunmalı, səlahiyyətləri DİN və bələdiyyələr arasında bölüşdürülməlidir:

"Mahiyyət etibarı ilə bir çox ölkələrdə fövqəladə hallarla bağlı məsələləri əslində DİN-in strukturu kimi formalaşan qurumlar həyata keçirir. Yaxud da onun səlahiyyətinin bəzi hissələri bələdiyyələrə verilir. Türkiyədə yanğınsöndürmə məsələsi əsasən bələdiyyələrin səlahiyyətindədir. Amma hansısa bölgədə epidemiya və ya digər fövqəladə hadisə baş verərsə, bu zaman təhlükəsizlik tədbirlərini DİN həyata keçirir. 

Azərbaycanda "Fövqəladə Hallar Haqqında” Qanunvericilikdə DİN-ə də rol ayrılıb. Ölkənin hər hansı bir hissəsində fövqəladə hal elan olunursa, orada təhlükəsizlik tədbirlərini polis icra edir. Ölkəmizdə nazirlik, komitə və mərkəzi icra orqanlarının sayı həddən artıq çoxdur. Bu qurumlar bəzən fərdlərə görə formalaşır və ya birləşirlər. Azərbaycanda da FHN əsasən fərdi kontekstdə formalaşıb. Ölkədə idarəetmə sahəsində islahat zəruridir. FHN-nin əsas  səlahiyyətləri DİN-ə verilməlidir. Qurumun bəzi səlahiyyəti, özəlliklə yanğınsöndürmə fəaliyyəti müvəqqəti olaraq yerli icra hakimiyyətinə, daha sonra isə bələdiyyələrə verilməlidir”. 

Politoloq Cümşüd Nuriyev isə bildirdi ki, Fövqaladə Hallar Nazirliyinin (FHN) ləğv edilməsi Prezidentin səlahiyyətindədir.

“FHN ləğv edilə bilər. Yəni əvvəlki vəziyyətinə qaytarıla bilər. Amma, bu bir ehtimaldır. FHN ləğv ediləcəyi təqdirdə Yanğından Baş Mühafizə İdarəsi  Daxili İşlər Nazirliyinə veriləcək, Mülki Müdafiyə Qoşunları isə Müdafiyə Nazirliyinin tərkibinə keçəcəkdir. Xüsusi Xilasetmə qurumları da dövlət agentliyinin tərkibində olacaq”.

“Azərbaycanda ətraf təhlükəsizliyi ilə bağlı konkret qurum olmalıdır. Bizdə çoxsaylı qurumlar buna baxırlar. Lakin, bunların hamısı bir yerə yığılmalıdır. Bu da təbii ki, Prezidentdən asılıdır. Sosial şəbəkələrdə bu tip xəbərlər həmişə tirajlanıb. Bu cür xəbərlər görünür ki, kimlərəsə sərf edir. Ona görə də bu cür xəbərləri yayırlar” – deyə politoloq əlavə etdi.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi (FHN) 2006-cı ildə yaradılıb. Qurum yaranandan Kəmaləddin Heydərov onun rəhbəridir. Yəni o, artıq 18 ildir nazirdir. Bundan əvvəl isə 11 il Dövlət Gömrük Komitəsinə rəhbərlik edib.

Bənzər yazılar

0.43515181541443