Polisin rüşvət aldığını kameraya çəkən şəxs DÖYÜLÜB - İDDİA

 24-11-2022

Ağdaş rayon sakini rüşvət alanda polisi kameraya çəkdiyi üçün döyüldüyünü iddia edib.

Bu barədə Milletinsesi.info-ın redaksiyasına vətəndaş Mahmud Cahangir Əziz oğlu müraciət ünvanlayıb. 

O iddia edib ki, Ağdaş Rayon Polis Şöbəsinin inzibati ərazi üzrə sahə rəisi polis leytenantı Afiq Abuşov və polis serjantı Elçin Cəfərov rayon daxilində yerləşən kənd təsərrüfatı məhsullarının satıldığı bazarda rayon sakinlərindən qanunsuz olaraq rüşvət yığıblar:

“Mən onların bu əməlini ifşa etdiyim üçün məni evimdə hədələdilər ki, videonu silim. Daha sonra da şöbəyə aparıb ayağıma ardıcıl zərbələr endirdilər”. 

Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milletinsesi.info-ın sorğusuna cavab olaraq bildirib ki, Ağdaş rayon sakini Mahmud Cahangirə qarşı rayon polis şöbəsində fiziki güc tətbiq edilməsi iddiaları ilə bağlı adları qeyd olunan polis əməkdaşları barəsində xidməti araşdırma aparılıb:

“Lakin qeyd olunanlar öz təsdiqini tapmayıb. Eyni zamanda, M.Cahangir özü də bu barədə rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. Prokurorluqda müraciət əsasında araşdırma aparılıb, xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsinə əsasən, vətəndaşa dərəcəsi təyin edilməyən xəsarətin polis əməkdaşları tərəfindən yetirilməsi faktı təsdiqini tapmayıb”.

“Mahmud Cahangirin kim tərəfindən döyüldüyünü müəyyən etmək, həmin şəxs və yaxud şəxslərin barəsində qanuni tədbir görülməsi məqsədilə rayon prokurorluğunda toplanmış materiallar araşdırılması üçün polis şöbəsinə göndərilib. Hazırda da iş üzrə araşdırmalar davam etdirilir”, - deyə əlavə edilib.

DİN polisin rüşvət alması badədə iddiaya cavab verib:

“Meyvə-tərəvəz satışı ilə məşğul olan şəxslərə qarşı qanunsuz tələblər irəli sürülməsi barədə iddialar isə əsassızdır, sadəcə olaraq rayon ərazisində qanunsuz küçə ticarətinə qarşı  mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər keçirilib, xəbərdarlıqlara məhəl qoymayanlar barəsində inzibati tənbeh tədbiri görülür”.

İlhamə Əbülfət

Bənzər yazılar

0.15455222129822