Böyük Britaniyanın Baş naziri Rişi Sunak Rusiyanı “istənməyən dövlət” adlandırıb və onun qlobal iqtisadiyyata təsirini azaltmaq üçün plan təklif edib.
Onun fikrincə, ölkələr Rusiya enerjisindən asılılığı azaltmağa və daha çox ərzaq istehsal etməyə davam etməlidirlər.
Sunakın planı beş bənddən ibarətdir:
“Gələn qışda buna ən çox ehtiyacı olanlar” üçün davamlı dəstək. Britaniya baş naziri qeyd edib ki, ölkəsi Ukraynaya, onun vətəndaşlarına elektrik enerjisi ödənişlərində kömək göstərməkdə davam edir, həmçinin dünyada aclığın qarşısını almaq üçün tədbirlər görür;
İmkanı olan ölkələr daha çox ərzaq istehsal etməli və ehtiyatlarına dəyməməlidirlər. Rişi Sunak Rusiyanı qidadan silah kimi istifadə etməkdə günahlandırıb və BMT-nin taxıl müqaviləsini uzatmaq səylərini dəstəkləyib;
Təchizat zəncirlərinin təhlükəsizliyini təmin etmək və Rusiya kimi ölkələrdən enerji asılılığından sürətlə çıxmaq;
Azad bazarların və açıq qlobal iqtisadiyyatın təşviqinə sadiq qalmaq;
İnkişaf etməkdə olan ölkələr üçün “kredit tələləri” yaratmaq üçün öz güclərindən istifadə edənləri müəyyən etmək (kreditor ölkənin borc alan ölkəyə borcunu artırmaqla öz təsirini artırdığı siyasət), həmçinin inflyasiyanın artmasının səbəblərinin həlli ilə məşğul olmaq.
Mənbə: The Telegraph