2021/2022-ci tədris ili üzrə tələbə təhsil krediti üzrə 5678 nəfər müraciət edib.
MillətinSəsi.info "report"a istinadla xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev 2021-2022-ci tədris ilinin payız semestri üzrə rəsmiləşdirilmiş təhsil kreditlərinə dair hesabat tədbirində deyib.
Onun sözlərinə görə, həmin müraciətlər arasından 3590 müraciət yekunlaşdırılıb: "Yekunlaşdırılmamış 2088 müraciətin 627 nəfərini tələbə olmayan, kredit almaq hüququ olmayan, 1461 nəfərini isə tələbə sisteminə daxil olub, lakin heç bir əməliyyat aparmayan şəxslər təşkil edir. Ümumilikdə sosial TTK üzrə 1116, standart TTK üzrə 1783 müraciət rəsmiləşib. 691 müraciətdən isə imtina olunub. 2021/2022-ci tədris ili üzrə tələbə təhsil krediti alanlar arasında bir ailənin üç üzvü də var."
Onun sözlərinə görə, 47 ailədən 94 tələbəyə sosial tələbə krediti, 50 ailə olmaqla 101 tələbə isə standart kredit alıb: "96 ailədən isə 2 nəfər kredit alıb".
A.Paşayev bildirib ki, mühəndis peşələrində oxuyan az sayda tələbə kredit almaq üçün müraciət edib: "Bu da bizi narahat edir. Çünki mühəndislik peşəsi dövrün tələblərindən biridir".
Həmçinin, təhsil müəssisələri üzrə ödənilmiş təhsil kreditlərinin məbləği açıqlanıb. Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev deyib ki, kreditlər üzrə ən yüksək məbləğ 206 min 500 manat olmaqla Azərbaycan Dövlət İqtisad Universitetinə ödənilib.
"Həmin məbləği 229 tələbə qazanıb. Daha sonra 192 tələbə üçün 176810 manat Bakı Dövlət Universitetinə, 170 tələbə üçün 103 200 manat Gəncə Dövlət Universitetinə, 130 tələbə üçün 102530 manat Azərbaycan Texniki Universitetinə ödənilib", - o vurğulayıb.
Bundan başqa, Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev deyib ki, Azərbaycanda ödənişli qiyabi təhsil alanların sayı azdır: "Mən bu təhsil növünün qarşıdakı illərdə mövcud olacağını ümid etmirəm. Həm də qiyabi təhail alan tələbələrin işləyib qazanmaq imkanı olduğu üçün onlara kredit nəzərdə tutulmayıb", - o bildirib.